“Ölkəmiz həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bu gün də, bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olacaq”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
O, Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında toxunduğu məqamlardan bəhs edib. Deputat bildirib ki, Prezident İlham Əliyevin son yeddi ayda üç dəfə Özbəkistana səfər etməsi və aparılan müzakirələr göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri yeni səviyyəyə yüksəlib:
“Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyası böyük potensiala və imkanlara malikdir. Türk dünyası bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, bütün sahələrdə əməkdaşlığını daha da aktivləşdirməlidir. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın diqqət mərkəzində saxlanılmalıdır”.
Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri apardığını xatırladan J.Əhmədova deyib:
“Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə türk dünyasının da yaxından iştirakı nəzərdə tutulur. Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilməsi, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunması planlaşdırılır”.