Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, məcəlləyə aşağıdakı məzmunda 482-1-ci maddə əlavə edilib:
“Maddə 482-1. Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma
Bu Məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə –
inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir”.