“Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib.
Bu tankerin yaradılmasının təməlinin 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib:
“O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik”.
Gəminin akademik Xoşbəxt Yusifzadənin adına olmasını çox ədalətli hesab edən Prezident İlham Əliyev vurğulayıb:
“Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var – həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır”.