Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının Təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2022” üzrə silsilə tədbirlər davam edir.
Azərbaycan könüllülərinə həsr olunmuş xüsusi həftədə növbəti tədbir 150-dən çox gənc könüllünün iştirakı ilə keçirilən “Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi”dir.
6-9 dekabr tarixlərini əhatə edəcək düşərgənin keçirilməsində əsas məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, yeni əməkdaşlıqların yaradılması, şəbəkələşmənin gücləndirilməsi və gənclərin əyləncəli zaman keçirməsinin təmin edilməsidir.
Mingəçevirdə 4 gün davam edəcək düşərgə ərzində rəsmi nümayəndələrin, təşkilat rəhbərlərinin və könüllülərin iştirakı ilə panel görüşlər, təlimlər, ekskursiyalar, intellektual və idman yarışları, eləcə də əyləncə proqramlarının təşkili nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində təşkil edilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının internet səhifəsi (https://heftemiz.konullu.az/) və ya sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.