“Azərbaycan həmişə UNESCO-nun dəyərlərini dəstəkləyib, təşviq edib, təşkilatın fəal üzvünə və etibarlı tərəfdaşına çevrilib”.
APA xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.
Nazir müavini bildirib ki, Azərbaycan UNESCO-nun 2021-25-ci illər üçün icraedici şurasına üzv seçilib:
“Ölkə UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verib, bu məqsədlə bu təşəbbüsə bir milyon dollar vəsait ayırıb. Həmçinin təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb”.
Nazir müavini Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan mədəniyyətini təmsil edən 19 obyekt olduğunu vurğulayıb.
“İki il əvvəl torpaqlarımızı 30 illik işğaldan azad etdik. İşğal illərində Ermənistan Azərbaycana aid mədəni sərvəti sistemli şəkildə dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Siz Ağdam səfərində bunu görmüsünüz. 67 məsciddən 65-i tamamilə məhv edilib. Ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqırımıdır, UNESCO prinsiplərinin, beynəlxalq konvensiyaların pozulmasıdır”, – o bildirib.
Nazir müavini deyib ki, Azərbaycan təşkilatla işğaldan sonrakı dövrdə, yenidənqurma prosesi zamanı da əməkdaşlıqda maraqlıdır. O xatırladıb ki, ISESCO bu il Azərbaycana azad texniki missiya göndərib:
“Biz azad olunmuş ərazilərdə UNESCO-nun müstəqil texniki missiyasının keçirilməsinə hazırıq, Ermənistan bunun qarşısını alır, prosesi siyasiləşdirir, Ermənistan bu addımlardan uzaq durmalıdır”.