“Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana iki milyard avro ayırmağı planlaşdırır”.
Aİ-nin Bakıdakı nümayəndəliyindən “Report”a verilən məlumata görə, investisiyalar İqtisadi İnvestisiya Planı çərçivəsində ayrılacaq.
“Bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndirici orqan Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), habelə Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nin dəstəyi ilə prioritet investisiyaları “Team Europe” ruhunda istiqamətləndirərək müəyyənləşdirəcək. Bu, ölkəyə 2 milyard avroya qədər investisiya cəlb etmək üçün Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək”, – Aİ-dən bildirilib.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib ki, İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycan ilə sıx tərəfdaşlığın daha bir bariz göstəricisidir:
“İqtisadi İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb”.