• Ca. Okt 31st, 2024

İsrail də “Orta”dan keçə bilər: Azərbaycana daha bir unikal şans, İrana qarşı yeni cəbhə – ŞƏRH + FOTO

ByYenigun.news

Dek 8, 2022

Rusiya-Ukrayna müharibəsi davam etdikcə Çindən başlayan və Avropa ilə ticarət marşrutunda şah damar roluna iddialı Orta Dəhlizlə əlaqədar müzakirələr və təkliflər paketinin həcmi genişlənir.

Azərbaycan, Türkiyə və Qazaxıstan, Gürcüstan Orta Dəhlizin mühərrikinin vasitəçi silindrləridir, yəni bu ölkələr üzərindən Avropaya çıxış çox əhəmiyyətlidir.

Orta Dəhlizin diversifikasiyası üçün Azərbaycan, Türkiyə və Qazaxıstan Çinin strateji xeyir-duası ilə Türkmənistanı da prosesə qoşmaq üçün intensiv iş aparırlar.

Qısası, Çinlə Avropanı birləşdirəcək dəmiryolları, yük və bərə sistemlərinin inkişafı üçün cəlbedici ideyalar masadadır və bunlar iqtisadi layihələr olsa da, böyük güclər üçün geosiyasi əhəmiyyət daşıyır.

Avropa İttifaqı Çinlə münasibətlərdə Pekinə iqtisadi-ticari tərəfdaş kimi yanaşır və bu, Şərq ölkəsini strateji rəqibi kimi dəyərləndirən ABŞ üçün sərfəli deyil.

Çünki ABŞ Çinin qüdrətlənməsinin səbəbləri sırasında beynəlxalq ticarət marşrutlarının rolunu başa düşür, Avropa İttifaqı üçün isə əsas məsələ iqtisadi əməkdaşlıqla meydanda qalmaqdır.

Orta Dəhliz ABŞ-nin Yaxın Şərqdəki müttəfiqi İsraili də cəlb edən bir platformaya çevrilmək potensialına malikdir, hərçənd ki, Təl-Əviv üçün iqtisadi əlaqələri bu vasitə ilə inkişaf etdirmək prioritet deyil.

Rusiya-Ukrayna münaqişəsinin həll edilməməsi fonunda geosiyasi əhəmiyyətdə çəkisi artan Orta Dəhliz İsrailə ən azı iki səbəbdən lazımdır.

Birincisi, İsrail ərəb dünyası ilə əlaqələrdə yeni səhifələr çevirir və praqmatik əməkdaşlıq formatı ilə konfiqurasiya qurur. Ancaq onun Fələstin-İsrail münaqişəsinin mirası olaraq ərəb dünyası ilə dəmiryolu bağlılığı yoxdur.

Əgər İsrail Orta Dəhlizi dəstəkləyərsə və ona qoşularsa, bu, Təl-Əvivin ərəb açılımı siyasətini gücləndirməyə kömək edəcək.

İkincisi, dünya nizamının məhvərindən çıxarılması üçün kəskin qarşıdurmaların başlandığı bir zamanda İrana qarşı qlobal layihələr işə salınıb ki, bu da İsrail üçün göydəndüşmə bir dəyərdir.

Həmin aspekt üzrə İsrail ərəb dünyası və Azərbaycanla əlaqələri stimullaşdıraraq İrana qarşı duruşunun uzunmüddətli olmasına şərait yarada bilər.

İsrailin Azərbaycanla yanaşı, Çin, Qazaxıstan, Türkiyə və Gürcüstanla da yaxşı əlaqələri onun Orta Dəhlizdəki iştirakını şərtləndirən səbəblər zəncirindən biridir.

Azərbaycanla bağlı məqamları ayrıca qeyd etmək yerinə düşər, Orta Dəhliz çərçivəsindəki mümkün perspektiv ikitərəfli münasibətlər Bakı-Təl-Əviv əməkdaşlığını strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə qaldıra bilər.

Belə olarsa, İsraildən Azərbaycana gələn hərbi-texniki dəstəyin həcmi arta bilər ki, bu da Bakıya strateji müdafiə qabiliyyətini gücləndirən dəstək olacaq.

Ancaq etiraf etmək lazımdır ki, İsrailin Orta Dəhlizə qoşulması üçün uzunmüddətli işlər görülməli, infrastruktur qurulmalıdır ki, bu da xeyli vəsait tələb edir.

Hər halda, danışıqlar masasında İsrailin dəhliz məntiqinə qoşulmasının özü belə, regional təhlükəsizliyin faydalı iş əmsalına xeyir gətirən amil kimi nəzərdən keçirilməlidir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir