• Ca. Okt 31st, 2024

Hərbi Prokurorluqda ümummilli liderin anım mərasimi keçirilib – FOTO

ByYenigun.news

Dek 8, 2022

Dekabrın 8-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xalqımızın ümummilli lideri, nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əvvəlcə qurumun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndərin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, böyük şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən öncə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Baş prokurorun müavini, AR hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasimdə çıxış edərək qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə millətinə bağlı olan, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, müstəqilliyə gedən yolumuzu və gələcəyimizi işıqlandıran dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş danışıb.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən ümummilli lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə işlənib-hazırlanıb. Onun istefa verdiyi vaxtdan, yəni 1987-ci ilin oktyabrından 1993-cü ilin iyun ayında növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub. Ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoyub.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından söz açan ədliyyə general-leytenantı Xanlar Vəliyev həmin Sərəncamın və onun əsasında hazırlanan tədbirlər planlarının müddəalarının aidiyyəti qurumlar, o cümlədən Hərbi Prokurorluq orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə uğurla icra olunacağına əminliyini ifadə edib.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 il ərzində ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub. Prezident İlham Əliyevin dərin zəkası, hərtərəfli bilikləri, mükəmməl rəhbərliyi, sarsılmaz qətiyyəti və gərgin əməyi sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşıb. Eyni zamanda dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi də şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib.

Millətinə xidməti həyat amalına çevirmiş İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altındakı tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmaqlarından ətraflı danışıb.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə, o cümlədən Yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban Əliyevanın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə mühüm töhfələr verməkdədir.

Prezident İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə, Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü millətinə həsr edərək Vətən qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının ümummilli lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, böyük tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman dərin ehtiramla anılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir