“Vətən uğrunda canından və sağlamlığından keçmiş şəxslərə və onların ailə üzvlərinə lazımi diqqətin göstərilməsi güclü Azərbaycan dövlətinin əsas işlərindən biridir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Ölkəmizdə şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının daim dövlət başçısının diqqətində olduğunu xatırladan deputat bildirib ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial ödənişlərin, prezident təqaüdlərinin təyin edilməsi, bir çox dövlət orqanlarında müxtəlif işlə təmin edilməsi bu sahədə atılan mühüm addımlardandır:
“Prezident İlham Əliyevin göstərişi ilə bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyinin daim genişləndirilməsi, dövlət büdcəsindən ayırmaların həcminin artması onun sosial siyasətindən irəli gəlir”.
“Məhz bu sosial siyasət cəmiyyətimizi daha da güclü edərək milli maraqlar naminə vahid amala xidmət etməyə yönəldir. İndiki mürəkkəb bir regional şəraitdə dövlət və cəmiyyətin daim birlikdə olması xüsusi əhəmiyyət kəsb edir”, – T.Mirkişili vurğulayıb.