“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Buna qədər prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurdular. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilirdi.
Bundan başqa, sənədə əsasən, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.
Dəyişikliyə qədər, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilirdi.
Eyni zamanda, bundan sonra prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı ləğv edilib.
Həmçinin, sənədə əsasən, prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Buna qədər, prokurorluq işçilərinə hər il onların əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.