Kubra Məhərrəmova yazır…
Rusiya sülhməramlıları müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən rədd olmalıdırlar!
Hamıya məlumdur ki, bu gün 12 dekabr 2022-ci il tarixində Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər.
Hal-hazırda ərazidə xeyli sayda tələbə, vətəndaş institutlarının nümayəndələri və xeyli sayda media mənsubları var.
Artıq 4 saata yaxındır ki, insanların tələbi həyata keçirilmir. Ərazidə müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingentinin başçısı, mən isə ona quldur başçısı kimi müraciət edirəm, general-mayor Volkov aksiya iştirakçılarının tələblərini dinləmir, onların qarşısına belə çıxmır. Bu addımla Volkov və rəsmi Kreml bir daha əyani halda bizə bildirir ki, onlar heç bir halda Azərbaycanın maraqlarını müdafiə etmir, onlar yalnız və yalnız Azərbaycanın ərazisində yerləşən faydalı qazıntıların oğurlanmasında maraqlıdırlar. Bu genişmiqyaslı oğurluq əməliyyatının başında isə Kreml durur. Necə ki, 70 il ərzində Kreml Azərbaycanın bütün var-dövlətini oğurlayıb, talan edib aparırdı, indi də eyni siyasəti icra edir.
Bu gün Rusiya sülhməramlıları bir daha sübut etdilər ki, onlar sadəcə quldur dəstəsidir. Onların burada heç bir missiyası yoxdur. Belə olduqda isə onların Azərbaycan ərazisində varlıqları sona yetirilməlidir.
Onlar silahsız jurnalistlərə, aksiya keçirənlərə qarşı təzyiq göstərir, aksiya keçirilən əraziyə zirehli hərbi texnika gətirir, iriçaplı silahlarını nümayiş etdirirlər. Rusiya hərbi kontingenti bu gün bizim ərazimizdə, bizim vətəndaşılarımızın azad hərəkət etmək hüququnu pozur, silahsız insanları qumbaraatan və pulemyotlarla təhdid edir, əraziyə çəkilişə gəlmiş media mənsublarını təhdid edir, onlara əl-qol atır. Bu isə birbaşa olaraq həmin rusiyalı hərbçilər tərəfindən sivil əhaliyə qarşı güc nümayişi deməkdir.
Onların bu gün sərgilədiyi hər bir addımın videogörüntüləri və fotoşəkilləri Azərbaycan mediası tərəfindən anbaan qeydə alınıb. Xüsusilə altını qalın xətlə cızaraq bildirmək istəyirəm ki, bu gün keçirilən aksiya eyni zamanda Rusiya sülhməramlılarının nümayəndələri tərəfindən də görüntülənib. Görünür bu görüntülər baş qərargaha, ya da birbaşa Putinə göndəriləcək.
Putinə isə demək istərdim ki, elə Baku.tv-nin canlı yayımına baxsa bəs edər.
İkinci vacib məqam, Rusiya hərbi kontingentinin zabitlərinin əksəriyyəti aksiyaya içkili vəziyyətdə gələrək, aksiya iştirakçılarına qarşı kobud davranıblar.
Bu isə o deməkdir ki, hərbi qulluqda olan bu kəslər artıq adekvat deyil və artıq vəziyyəti nəzarətdə saxlaya bilmirlər. Bu da onların təcili surətdə Azərbaycan ərazisindən rədd olmaları üçün daha bir tutarlı əsasdır.
Onlar ərazidə olan “Report” İnformasiya Agentliyinin nəqliyyat vasitəsini silahla əzərək, avtomobilin hərəkətinə mane olublar.
Aksiya iştirakçılarını mühasirəyə alaraq, onların azad hərəkət hüququnu pozur, Azərbaycan ərazisinə keçmələrinin qarşısını süni barrikadalar, tikanlı məftil və ağır hərbi texnika ilə yolları kəsirlər.
Bu isə bütün hallarda Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması deməkdir.
Bütün hüquqi institut və hüquq-mühafizə orqanlarının bu məsələyə cavab verməsini tələb edirik.
Bütün bunlar azmış kimi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlısının içindən hərbi geyimdə üç ERMƏNİ çıxdı! Onların müəyyən olunmasında bir zamanlar Xankəndidə və İrəvanda yaşamış və erməni dilini mükəmməl dərəcədə bilən azərbaycanlılar yardımçı oldular. Belə ki, onların ermənicə danışmasına hərbi geyimdə və qolunda “Rusiya sülhməramlısının” fərqləndirici nişanı olan üç erməni istər-istəməz reaksiya verdi. Onlardan biri daha sonra üzünü belə gizlədərək, ərazidən uzaqlaşdı.
Bütün bunlar bir daha sübut edir ki, “Rusiya sülhməramlısı” ancaq və ancaq erməni tərəfinin maraqlarını təmin edir. Sual yaranır, niyə həmin hərbi birləşmədə azərbaycanlı yoxdur, amma üç nəfər erməni var?! Bu, hələ aksiya zamanı üzə çıxanlardır. Bəs görəsən əsl həqiqətdə bu hərbi kontingentdə neçə nəfər erməni qulluq edir? 7, 70, ya 700?
Bu suallarımıza cavab vermək üçün hələ də aksiya keçirilən əraziyə Volkov gəlmir, bununla da Azərbaycan tərəfinin tələblərini heçə aldığını sərgiləyir. Volkov və onun quldur dəstəsi ən qısa zaman ərzində ərazini tərk etməlidir. Bizim heç bir “sülhməramlıya” ehtiyacımız yoxdur deyən Qərbi azərbaycanlı Telman müəllim erməni dilində Qarabağ İqtisadi ərazisində yaşayan ermənilərə mesaj göndərdi.
Mesaj olduqca dəqiq və qısa idi.
“Qarabağ İqtisadi ərazisində yaşayan ermənilər, bəsdir separatçılara qulaq asdınız, bizə bu əlisilahlı rusiyalılar lazım deyil, gəlin danışaq, yola gələk və bir yerdə yaşayaq. Ölkəmizin başçısı İlham Əliyev dəfələrlə sizə söz verib və sizin təhlükəsizliyinizin zəmanətini verib”.
Zənnimcə “Rusiya sülhməramlıları” nə qədər tez rədd olsalar bir o qədər biz tez kontakt yaradaraq özümüz yarım qalmış problemləri həll edə bilərik.
Bu gün Azərbaycan gənci, tələbəsi, ekoloqu, QHT-nümayəndəsi, jurnalisti tarixdə görmədiyimiz dərəcədə özünəgüvən və cəsurluq sərgiləyirlər. Dişinə kimi silahlanmış Rusiya hərbçisinə qarşı əlində Azərbaycan bayrağı ilə çıxaraq öz haqqını tələb edirlər.
Aksiya keçirilən ərazidə çadırlar qurulub və aksiya davam edir. Aksiya iştirakçılarının təhlükəsizliyini isə cəsur, qorxmaz, ürəkli Azərbaycan əsgəri, zabiti həyata keçirir.
“Rusiya sülhməramlıları” anlayır ki, bir nəfərin burnu qanasa, Azərbaycan əsgəri onun anasını da, atasını da ağlar günə qoyacaq.
Bu özünəinamı, bu təhlükəsizliyi, bu gücü, bu ürəyi bizə bəxş edən Ali Baş Komandana və müzəffər ordumuza vəfa borcumuz var! Haqları ödənməz!