“Müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı XİN başçılarının görüşündə deyib.
O qeyd edib ki, cari il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi münaqişədən sonrakı normallaşma prosesinə təkan verdi:
“Bu xüsusda, Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır.
Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır.
Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.
Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq.
İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir.
Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.
Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.
Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”.