Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 12 dekabr tarixində gənclər təşkilatlarının rəhbər və nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı olaraq Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.
Oxu.Az xəbər verir ki, daha sonra gənclər təşkilatlarının “Sağlam düşüncəli gəncliyin formalaşmasında Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətləri və irsinin təbliği” mövzusunda görüş keçirilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Vazeh Əsgərov ilə keçirilən görüşdə açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Azər Əliyev ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərini vurğulayaraq, hazırda onun layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.
Daha sonra görüş çərçivəsində Vazeh Əsgərov 44 günlük Vətən müharibəsində qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbəmizdə məhz Ulu Öndər Heydər Əliyevin nəsihətləri və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yetişmiş gənclərin əsas rol oynadığını qeyd edərək gənclər siyasətinin əsasının qoyulmasında, gənclər təşkilatlarının inkişafında, həmçinin ölkənin ictimai-siyasi həyatında gənclərin aktiv iştirakçılığa cəlb edilməsində Ümummilli Liderin misilsiz xidmətlərindən söz açıb.
Görüş təşkilat nümayəndələri tərəfindən verilən maraqlı sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.