Azərbaycanda respondentlərin 73,1 faizi Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Oxu.Az xəbər verir ki, bu göstərici Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda 390 iştirakçı arasında keçirdiyi rəy sorğusunda əldə olunub.
Belə ki, vətəndaşlara “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını dəstəkləyirsiniz?” sualı ünvanlanıb. Nəticədə iştirakçıların 25,6 faizi sülh müqaviləsinin olmasını dəstəkləməyib. Respondentlərin cüzi hissəsi – 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, özünü beynəlxalq ictimaiyyətə sülh və sabitlik təşəbbüskarı kimi təqdim edən erməni əhali, əslində, sülhün tərəfdarı deyil.
Sülh müqaviləsinin mümkünlüyü ehtimallarını qiymətləndirmək məqsədilə respondentlərin yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inam səviyyəsi də öyrənilib. Vətəndaşların 26,7 faizi yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına tam inandığını, 29 faizi, əsasən, inandığını bildirib. Respondentlərin 29,5 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına heç inanmadığını, 11 faizi, əsasən, inanmadığını ifadə edib. Onların 3,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Nəticə olaraq diqqətə çatdırılmalıdır ki, sentyabr ayında keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına tam inananların (28,3 faiz) sayında cüzi azalma qeydə alınsa da, əsasən inananların (25,2 faiz) sayı artıb. Sülh müqaviləsinin imzalanmasına olan ictimai dəstəyə baxmayaraq, onun reallaşmasına inamın müqayisə etibarilə az olması Ermənistanın sülh quruculuğu prosesindəki qeyri-konstruktiv mövqeyindən və davam edən hərbi təxribatlarından irəli gəlir.
Sorğu çərçivəsində respondentlərin Qarabağda ermənilərlə birgəyaşayış məsələsi haqqında təsəvvürləri də öyrənilib. İştirakçıların 55,9 faizi heç bir halda Qarabağda ermənilərlə birgəyaşayışı dəstəkləmədiyini, 37,7 faizi isə yalnız şərtlər daxilində mümkün olacağını bildirib. “Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər iki faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi “heç bir halda” mümkün hesab etməyib, 27 faizi ermənilərlə Qarabağda birgəyaşayışı “bəli, yalnız şərtlər daxilində” mümkün saymaqla müsbət yanaşma sərgiləyib.