• Ca. Okt 31st, 2024

Ekofəal: “Qarabağdakı yataqlarda monitorinqin aparılmasına şərait yaradılmasını tələb edirik” – FOTO

ByYenigun.news

Dek 19, 2022

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqlar qanunsuz istismar edilir. Bu qeyri-qanuni fəaliyyətə dərhal son qoyulmalıdır. Eyni zamanda, yataqlarda görülən işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün ekoloji monitorinqlərin aparılmasına ciddi ehtiyac var”.

Bunu “Report”un Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında “Ekosfera” Sosial-Ekoloji Mərkəzin ətraf mühit üzrə mütəxəssisi Abdin Abbasov bildirib.

Dinc etiraz aksiyasına qoşulan ekofəal vurğulayıb ki, təbiətdən istifadə, sənaye müəssisələrinin quraşdırılması, yataqlarda qazıntı işlərinin aparılması və böyük layihələrin həyata keçirilməsi zamanı monitorinqin aparılması vacib şərtdir:

“Bu işlərin ətraf mühitə təsiri mütləq öyrənilməli və qiymətləndirilməlidir. Bizə şərait yaratmalıdırlar ki, orada monitorinq keçirək, yataqlarda görülən qanunsuz işlərin ətraf mühitə təsirini qiymətləndirək və nəticələrini ictimaiyyətə təqdim edək. Buraya gəlməkdə məqsədimiz budur. Hamı bilməlidir ki, yataqlarda hansı hadisələr baş verir və bunun təbiətə nə dərəcədə təsiri var”, – o bildirib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir