Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Özbəkistana səfəri indiki məqamda diqqət çəkir. Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında bugünkü yaxınlığın arxasında həm siyasi iradə, həm də tarixi-mədəni yaxınlıq dayanır. Azərbaycan və Özbək xalqları arasında ortaq dəyərlər, dil və mədəniyyət yaxınlığı münasibətlərin ictimai dayaqlarını formalaşdırır. Lakin son illərdə bu münasibətləri fərqləndirən əsas məqam məhz yaxınlığın konkret dövlətlərarası mexanizmlərlə tamamlanmasıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əsası Heydər Əliyev dönəmində qoyulan bir çox prioritet siyasi xətt kimi Özbəkistan ilə əlaqələrə də xüsusi qiymət verir. Bu gün bu xətt daha geniş miqyas alıb və nəticədə münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında əməkdaşlığın əsas zəmini isə Umummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri ilə yaradıldı. Belə ki, məhz bu səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalandı.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə sürətlə dərinləşməsi bu kontekstdə diqqət çəkir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı regiondakı siyasi çəkisinin artmasının göstəricisidir. Əvvəllər “C5” formatında formalaşan regional dialoqun Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına genişlənməsi Bakının artıq Mərkəzi Asiya ilə münasibətlərə kənardan baxan tərəf olmadığını göstərir.
Burada Azərbaycanın Orta Dəhlizdəki mövqeyini xüsusilə qeyd etmək lazımdır. Özbəkistanın Avropa bazarlarına çıxışında Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti böyükdür. Əslində, bu detal Bakı-Daşkənd münasibətlərində nəqliyyat məsələsini iqtisadi əməkdaşlığın ayrıca istiqamətindən çıxaraq strateji məsələyə çevirir.