Almaniyada fəaliyyət göstərən azərbaycanlı icması Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında dinc etiraz aksiyası keçirib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Almaniyadakı Azərbaycanlı İcması” təşkilatının təşəbbüsü ilə bir araya gələn soydaşlarımız Şuşada ekofəalların və könüllülərin Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdiriblər. Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.
Eyni zamanda aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər.
Qeyd edək ki, aksiyada Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri və cənubi azərbaycanlılar iştirak ediblər.