• Ç. Dek 25th, 2024

Milli mənafeyimiz düşünülmüş siyasi ideyaya əsaslanır

ByVuqar Ferzeliyev

Dek 29, 2022

Dünya azərbaycanlılarının Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Ölkəmizin Cənub bölgəsində yaşayan insanlar da bunu daim görür və hiss edirlər və biz buna sanki adət etmişik. Bu yerlərdə doğulub boya-başa çatmış insanlar ulu öndərimizin vəsiyyətlərini əməli işlə doğruldur, respublikadan kənarda yaşayanlarımız doğma el-obanı bir an da olsa, unutmur, vaxtaşırı olaraq gəlib bölgənin sürətli sosial-iqitisadi inkişafı ilə tanış olur, tədbirlərimizdə iştirak edir, yeri gəldikcə yaşayış məntəqələrinin daha da çiçəklənməsinə kömək etməklə burada öz izlərini qoyurlar. Onların yaxşı işləri xalqımızın adının uzaq-uzaq ellərdə daha geniş miqyasda yayılmasına səbəb olur, Azərbaycanın hörmət və nüfuzunu qat-qat artırır.

Qəti əminik ki, xalqımızın vətənpərvər oğul və qızları, müqəddəs torpağımızın çörəyini yeyib suyunu içmiş hər bir Vətən övladı məhz bu yolla gedəcək, ulu öndərimizin müəyyən etdiyi həmin yoldan dönməyəcək. Bu əziz bayram münasibətilə bütün soydaşlarımızı və həmvətənlərimizi ürəkdən təbrik etməyi özümüzə borc bilirik.

Şamməddin Əsədullayev,

Cəlilabad rayon Çünzəli kənd tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir