Baş nazirin müavini Əli Əhmədov Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın və yeni vitse-prezident Jeraldo Alkminin təntənəli andiçmə mərasimində iştirak etmək üçün 31.12.2022-03.01.2023-cü il tarixlərində Braziliyada rəsmi səfərdə olub.
Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, mərasimə çox sayda dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri və digər rəsmi şəxslər qatılıb.
Mərasim zamanı, Ə.Əhmədov Braziliyanın yeni Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salam və təbriklərini çatdıraraq, ölkəmizin Braziliya ilə münasibətləri daha da inkişaf etdirmək arzusunda olduğunu bildirib. Regional təhlükəsizlik və sabitlik üçün əvvəlki hakimiyyət illərində və ondan sonra Azərbaycanın mövqeyini dəstəkləmiş Prezident Lulaya təşəkkür bildirilmiş və bundan sonra da, onun növbəti hakimiyyəti zamanı da Braziliyanın ölkəmizə siyasi dəstək verməsi ümidi vurğulanıb.
Mərasimdə, Əli Əhmədov həmçinin, Prezident Lulanın xarici siyasət və təhlükəsizlik üzrə müşaviri, keçmiş xarici işlər və müdafiə naziri Selso Amorim ilə də tanışlıq edərək, münasibətlərimizin gələcək perspektivləri barədə söhbət edib.
2 yanvar tarixində Baş Nazirin müavini Əli Əhmədov Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin və xarici işlər nazirinin birinci müavini Mariya Laura Roşa ilə görüş keçirib. Görüş zamanı Əli Əhmədov müqabil tərəfə yeni fəaliyyətlərində uğurlar arzulayaraq, ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Əli Əhmədov Azərbaycanın regionda lider dövlət olduğunu və ölkəmizin iqtisadiyyatının sürətli inkişafı barədə müqabil tərəfə geniş məlumat ververib. O, qeyd edib ki, Azərbaycan rəsmiləri Braziliya ilə yeni siyasi və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazırdır və bunun qarşılıqlı fayda gətirəcəyinə inanır. Həmçinin qeyd olunub ki, cari ildə Braziliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək və bu münasibətlə iki ölkə arasında bir sıra tədbirlərin keçirilməsi və yüksək səviyyəli dövlət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili istiqamətində fəaliyyətin artırılması gözlənilir.