“İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.
Ötən ilki nəticələri böyük nailiyyət adlandıran dövlətimizin başçısı deyib ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır və hər il yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
“Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.