• C. Noy 1st, 2024

Ermənistanda anti-Rusiya çıxışı, ermənilərin yeni himayədar axtarışı – ŞƏRH + FOTO

ByYenigun.news

Yan 9, 2023

Həftəsonu Ermənistanda Rusiyaya qarşı aksiyalar keçirilib. Bu, ilk hadisə deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik və ya təmsil etdiyi siyasi qüvvələr 2018-ci ilin dekabrında da bu kimi aksiyalar keçiriblər. Həmin yürüşlərdə “İşğalçı Rusiya, Ermənistandan çıx!”, “Rusiya ordusu, Ermənistandan rədd ol!” kimi şüarlar səslənmişdi.

Ötən gün keçirilən anti-Rusiya aksiyasını “Milli Demokratik Zolaq” (“Bever”) siyasi hərəkatının təşkil etdiyi bildirilib. Xatırladaq ki, “Bever” Ermənistanda polis əməkdaşlarını girov götürmüş “Sasna Tsrer” hərəkatının bazası əsasında yaradılıb.

Aksiya iştirakçıları Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolu bağlayıb, qarşısında mitinq ediblər. 100-ə yaxın etirazçının tutulduğuna dair məlumat yayılıb. Hərəkatın aparıcı fiqurlarından, aksiyanın təşkilatçılarından biri Vaqe Qasparyan Rusiyanın Ermənistandakı fəaliyyəti ilə bağlı deyib: “Biz dünyaya göstərəcəyik ki, 102 saylı hərbi bazanın timsalında Rusiya Ermənistanı işğal edib”. Aksiyanın əsas hədəfi guya “Laçın dəhlizinin bağlanmasına” etiraz idi. Ancaq səslənən şüarlar bunun daha çox Rusiyaya qarşı olduğunu təsdiqləyir. “İylənmiş Rusiya, Ermənistandan rədd ol!”, “Rusiya işğalçıdır!” kimi şüarlar Ermənistan cəmiyyətinin Rusiyaya olan bütün nifrət və kinini özündə əks etdirir. Başqa sözlə, Azərbaycan ekofəallarının Şuşa yolunda keçirdiyi aksiya onların Rusiya əleyhinə bu cür nümayişlər keçirməsi üçün bəhanə olub. Yeri gəlmişkən, ötən ayın sonunda Vaqe Qasparyan Rusiyanın Qarabağı blokadada saxladığını iddia edərək onlara cavab olaraq Gümrüdəki hərbi bazanı mühasirəyə alacaqlarını bildirmişdi.

Əslində, bu aksiyanın Ermənistan hakimiyyəti tərəfindən təşkil olunduğu istisna edilmir. Çünki ötən ilin sonunda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanı şantaj etməsi ilə Vaqe Qasparyanın “ruslar Qarabağı mühasirəyə alıblar” ifadəsi hansısa siyasi mərkəzin düşüncəsinin məhsuludur. Qeyd edək ki, Qriqoryanın dekabrın 26-da Ermənistan İctimai Televiziyasının efirində çıxışı ölkəsinin və Rusiyanın siyasi dairələrinin etirazı ilə qarşılanmışdı. Katib iddia etmişdi ki, Rusiya “Laçın dəhlizini bağlayaraq” Ermənistanı Azərbaycana dəhliz verməyə, Rusiya-Belarus ittifaq dövlətinə birləşməyə məcbur edir. Ermənistan parlamentindəki hakim fraksiya isə Qriqoryanın iddialarını təkzib etmişdi. Kremlin sözçüsü Dmitri Peskov da katibin açıqlamasını “təxribat” adlandırmışdı. Onu da xatırladaq ki, Paşinyanın təmsil etdiyi siyasi qüvvə hakimiyyətə gələndən sonra Rusiya Armen Qriqoryanın xarici işlər naziri olmasına qarşı çıxmışdı. Hər halda o zaman bununla bağlı xəbərlər yayılmışdı. Nikol bir müddət XİN-ə Rusiyanı qane edən nazir tapmaqda çətinlik çəkdi. Nazirlik uzun müddət başsız qaldı. Sonradan Ararat Mirzoyan Kremllə razılaşdırılaraq nazir oldu. Odur ki, ötən gün keçirilən aksiyanın əsas hədəfinin Rusiya olduğu daha məntiqlidir. Ermənistandakı anti-Rusiya qüvvələr əsl məqsədlərini Azərbaycan ekofəallarının qanuni aksiyasını qaralamaqla gizlətməyə çalışırlar.

Ümumiyyətlə, katibin açıqlaması və 102 saylı bazanın mühasirəyə alınması cəhdi ermənilərin yeni sponsor axtarmaq səyinə daha çox oxşayır. Bununla onlar beynəlxalq ictimaiyyətə sanki belə ismarış verirlər: “Biz Rusiyadan imtina edirik, nə verirsiniz?” Çünki Fransa parlamenti və hakimiyyətinin Azərbaycana qarşı qərəzli cəhdləri nəticə vermir. Ona görə də Ermənistan siyasiləri yeni himayədarla bağlı axtarış aparırlar. Gümrüdəki hərbi bazanın qarşısındakı aksiya və ya ondan əvvəl Qriqoryanın Rusiyanı şantaj edən çıxışı Ermənistanın Kremldən uzaqlaşmağa çalışdığını ehtimal etməyə əsas verir.

Ruben Vardanyan adlı rusiyalının Qarabağ iqtisadi rayonunda qanunsuz mövcudluğu da perspektivdə regiondakı ermənilərin anti-Rusiya çıxışlarının qarşısını almağa yönəldiyini ehtimal etməyə əsas verir. Bu vəziyyətdə “Batan gəmini ilk olaraq siçanlar tərk edirlər” məsəli Ermənistanın siyasi elitası üçün daha uyğun gəlir. Hətta ermənilər Rusiyadan qaçmağa başlayıblar. Ermənistan Polisinin Pasport-viza idarəsi bildirib ki, Ukraynada müharibə başlayandan 17 498 erməni Rusiyadan geri qayıdıb.

Görünür, ermənilər yaxın zamanlarda Fransanın da canfəşanlığından imtina edəcəklər. Pozuculuq fəaliyyəti, yalan, saxta təbliğatı, qərəzli çıxışları Ermənistanı və erməniləri uzun müddət sponsorsuz vəziyyətdə qoya bilər. Çünki bu cəmiyyət belə davranışı ilə etibarsızlığını təsdiqləyir. Bir də ermənilər, onların başçıları himayədarlarına qarşı çıxmağa adət ediblər. Bir zamanlar sarayda ən yüksək vəzifələrədək yüksəldilən bu etnik qrup çətin dönəmdə ilk zərbəni elə Osmanlı dövlətinə vurdu. Qacarlar dövlətinə qarşı da eyni şəkildə xəyanət ediblər. Odur ki, “Dəhliz”, “Qarabağ məsələsi” bəhanədir. Bu cəmiyyət üçün “gəmini ilk tərk etmək” prinsipi var. İndi növbə Rusiyanındır. Həmişə böyüklərə sığınan bu etnik qrupun liderləri indi yeni qoltuq axtarırlar.

“Report” İnfomasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir