• Şb. Noy 2nd, 2024

Anton Bredixin: “Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir” – MÜSAHİBƏ

ByYenigun.news

Yan 11, 2023

2023-cü ilin əvvəlində Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı kontingentlərinin Ermənistanda “Sarsılmaz qardaşlıq-2023” birgə təlimlərinin keçiriləcəyi ilə bağlı anons verdi.

Lakin yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bəyan edib ki, İrəvan KTMT-nin Ermənistan ərazisində təlim keçirməsini məqsədəuyğun hesab etmir.

Eyni zamanda Ermənistan Qərb qüvvələrini regiona cəlb etmək istəyini açıq şəkildə bəyan edir. Sentyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının nümayəndələri ilə Azərbaycanla sərhəddə Aİ-nin yeni missiyasının yerləşdirilməsi imkanlarını müzakirə edib. Ermənistanın baş naziri isə yuxarıda qeyd etdiyimiz mətbuat konfransında bildirib ki, əgər Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir ki, ya onun sülhməramlı qüvvələrinə beynəlxalq mandat verilsin və yaxud Qarabağa yeni çoxmillətli sülhməramlı missiya göndərilsin.

Məlumdur ki, KTMT-nin təlimlərindən imtina Ermənistan rəhbərliyi tərəfindən atılmış nümayişkaranə addımdır. Bunun mənası nədir? Ermənistan KTMT-dən çıxır?

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin Oxu.Az-a müsahibəsində mövcud vəziyyəti dəyərləndirib:

– Bu, təkcə Ermənistanın KTMT-dən çıxmasına deyil, həm də bütün təşkilatın dağılmasına yönəlmiş açıq sabotaj və hərəkətlərdir ki, Paşinyan və onun Vaşinqtonda, Parisdə oturan başçılarının arzularıdır. Ermənistan NATO təlimlərində iştirak edir, həmçinin Şimali Atlantika Alyansına üzv ölkələrin kontingentinin Azərbaycanla sərhəddə olmasını təkid edir. Rusiya qoşunlarının Ermənistan ərazisindən, o cümlədən Gümrüdəki bazadan, Ermənistan sərhədlərindən çıxarılması barədə çox danışılır. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan bu addımın ölkəsi üçün doğuracağı bütün nəticələri anlamır. Rusiya qoşunlarının çıxarılması və Ermənistanın KTMT-ni tərk etməsindən sonra tamamilə mümkündür ki, Ermənistanla Azərbaycan arasında yeni hərbi eskalasiya olsun və bunun da nəticəsində suveren Ermənistan ərazilərindən ümumiyyətlə heç nə qalmasın.

Nikol Paşinyan Ermənistanda NATO bazası yaratmaq, öz ərazisinə, misal üçün, Fransa qoşunlarını gətirmək istəyir. Bu açıq təxribat (KTMT-nin təlimlərinin ləğvi ilə bağlı – red.) onu göstərir ki, Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir. Amma Bakı Moskva üçün strateji müttəfiq olaraq qalır.

– Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il müraciətində KTMT-ni fəaliyyətsizlikdə ittiham etdi. Amma maraqlısı odur ki, Yeni il ərəfəsində İrəvanda dərc edilən “Hraparak” nəşri Qərbin Paşinyanı KTMT-dən çıxmamağa çağırdığını yazıb. Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Paşinyana deyib ki, Qərb Ermənistan Respublikasının təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz. Bu, təbii ki, qeyri-rəsmi məlumatdır, amma siz bu barədə nə düşünürsünüz?

– Mən hesab edirəm ki, bu, doğrudur. Üstəlik, Makron daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin paylaşdığı məlumatları səsləndirib. Nə Fransa, nə də ABŞ Ermənistanın təhlükəsizliyini təmin edə bilərlər.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir