• Ça. Noy 5th, 2024

Dinc aksiyaya siyasi don geyindirənlərə Azərbaycanın cavabı nə olacaq? – AÇIQLAMA + FOTO

ByYenigun.news

Yan 14, 2023

Bir aydan çoxdur ki, azərbaycanlı ekofəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər Xankəndi-Laçın yolunda dinc aksiya keçirirlər. Havanın soyuq və şaxtalı keçməsinə baxmayaraq, aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunda sülhməramlıların nəzarəti altında olan faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına qarşı mübarizələrini davam etdirirlər. Lakin təəssüf ki, ermənipərəst Qərb mediası, xüsusilə Fransa KİV baş verənlərə siyasi don geyindirərək aksiyanı dünyaya Azərbaycanın erməniləri blokadaya alması kimi təqdim edirlər. 

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Qərb mediasının bu mövqeyində Ermənistanın irəli sürdüyü əsassız arqumentlər fəal rol oynayır:

“Ermənistanın arqumentasiyası əsas götürülərək məqalələr dərc olunur. Korrupsiyaya bulaşmış siyasətçilər öz sosial şəbəkə hesablarında burada baş verən hadisələri blokada kimi təqdim edirlər. Separatçılar arasında da Ruben Vardanyan bu işdə xüsusi fəallıq göstərir və etnik ermənilərdən özü üçün bir vasitə kimi istifadə edir, siyasi ambisiyalarını ortaya qoyur və Xankəndidən İrəvana siyasi karyera dalınca getməyi hədəfləyir. Ona görə də Azərbaycan burada çoxşaxəli fəaliyyət göstərməlidir”.

Ekspert hesab edir ki, həm separatçıların uydurmalarına, həm də erməni lobbisinin qərəzli məqalələrinə cavab verməyə ehtiyac var:

“Tədqiqatçılarımız həqiqətlərimizin ictimaiyyətə geniş çatdırılmasında, informasiya müharibəsində tutarlı cavab verməlidirlər. Uzun müddətdir xarici media orqanlarının məhz hadisələri işıqlandırmasının tərəfdarı kimi çıxış edirdim və çox yaxşı haldır ki, bu təşəbbüsümüzə cavab verdilər. Artıq müxtəlif xarici media nümayəndələri bölgəyə ezam olunublar və Xankəndi-Laçın yolunda Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirlər. 

Azərbaycan sərvətlərinin talanması səbəbilə ekoloqlarımızın fəsadları araşdırmasına zərurət yarandığı üçün bu gün ekoaksiya keçirilir. Bizim tələblərimiz bəllidir. Yolu humanitar məqsədlərlə açıq saxlayırıq. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları, sülhməramlıların təchizat-təminat avtomobilləri çox rahatlıqla bu yoldan keçə bilərlər və artıq yüzlərlə belə maşının keçidi qeydə alınıb. Ona görə də hadisələri blokada kimi qeyd etmək və yenidən “soyqırımı” terminini dövriyyəyə buraxmaq yolverilməzdir. Ermənistan kifayət qədər insanlıq və bəşəriyyət əleyhinə cinayətlər törədib, Cenevrə konvensiyasının tələblərini pozub. Mənə elə gəlir ki, dünya mediası bunlara diqqət ayırmalıdır. Bunun ətrafında məqalələrin yazılmasına böyük ehtiyac var. Həqiqətləri təhrif edən saxta məlumatları dərc etməyi dayandırmaq lazımdır. Təəssüf ki, 30 il ərzində Ermənistanın bu cür davranışlarını görmüşük, bu gün də həmin siyasət davam etdirilir”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir