• Ç. Noy 6th, 2024

“Ermənistan SSRİ rəhbərliyi ilə əlaqəyə girərək qırğınların törədilməsində bilavasitə iştirak etdi” – RƏY+FOTO

ByYenigun.news

Yan 18, 2023

“1990-cı illərdə baş verən hadisələrdə, o cümlədən 20 Yanvar faciəsində həm də Ermənistanın böyük rolu vardı. Həmin dövrdə Ermənistan SSRİ rəhbərliyi ilə əlaqəyə girərək bu qırğınların törədilməsində bilavasitə iştirak etdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O xatırladıb ki, 1988-ci ildə də Ermənistanda yaşayan azərbaycanlılar öz tarixi dədə-baba torpaqlarından qovulublar:
 

“1988-ci ildə Ermənistanda olan bütün azərbaycanlılar deportasiyaya məruz qaldılar. O zamana kimi də bu cür hadisələr baş vermişdi. 1988 və 1990-cı illərdə baş verən hadisələr arasında bir əlaqə, bağ var. Sonrakı dövrdə Ermənistan Qarabağa hücum edib işğal etdi. Onlar çalışdılar ki, Qarabağı da Ermənistana birləşdirsinlər. Bunun üçün davamlı olaraq müxtəlif addımlar atdılar. O dövrdə baş verən hadisələrdə ermənilərin məqsədi gələcəkdə digər niyyətlərini də həyata keçirmək olub. Onların məqsədi təkcə Qarabağı işğal etmək deyildi. Onların bütövlükdə Azərbaycanı işğal etmək məqsədləri vardı”.
 

Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyev bu niyyətləri gözəl anlayır, bu istiqamətdə prosesləri diqqətlə izləyirdi. C.Məmmədov xatırladıb ki, faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib:

“Sovet İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdı. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

“Bu addımlar növbəti mərhələdə Azərbaycanın müstəqillik əldə etməsinə gətirib çıxardı”, – deputat əlavə edib.
 

O xatırladıb ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı:

“Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə “Böyük Qayıdış” başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər bu ümidləri daha da gücləndirir. Prezident Qərbi azərbaycanlılarla sonuncu görüşdə də bu məsələdə Azərbaycanın mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir