• Ça. Noy 5th, 2024

Əliyev Davosda Tbilisi formatını canlandırdı – ŞƏRH

ByYenigun.news

Yan 20, 2023

Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib.

Bu iclası Qərb siyasi qütbündə mühüm iqtisadi arteriya olan Avropa İttifaqının Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına töhfə verən missiyasının davamı kimi şərh etmək olar.

İclasın formatına və xüsusiyyətinə nəzər yetirək:

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han və “Limak” şirkətlər qrupunun sədri Ebru Özdemir iştirak ediblər.

Müzakirələrin cövhərini Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunun artması, qarşıda duran çağırışlar, yeni layihələrin canlandırılması təşkil edib.

Çıxışlar daha çox enerji sektorundakı amillər üzərində olsa da, həmin cümlələrin ruhunda təhlükəsizlik, kollektiv müdafiə siyasəti üçün səylərin birləşdirilməsi barədə tezislər mövcud idi.

Çünki Davosdakı bu panel iclas Rusiya-Ukrayna müharibəsinin qlobal nəticələrinin aydınlaşmasına və münaqişənin Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinə hansı təzyiqlər yaratmasına verilən reaksiyalar zəncirinin həlqəsi idi.

İlham Əliyev regional təhlükəsizlik sferasında Ermənistanın zərərli mövqedə dayandığına bir daha işarələr etdi və İrəvanın Bakı ilə sülh prosesindən qaçdığını göstərdi.

İlham Əliyev dedi ki:

– Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə cavab verməyib;

– Ermənistan Gürcüstanın vasitəçiliyi ilə Tbilisidə liderlər səviyyəsində görüş keçirilməsi təklifini rədd edib;

– Əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Bu ideallar Avropa İttifaqı və Türkiyə üçün lazımdır. Hərçənd ki, NATO-nun lideri ABŞ-nin, ona əks qütbdə dayanan Rusiyanın mövqeyi Azərbaycan-Gürcüstan-Ermənistan üçbucağının çəkilməsində böyük maneələrdir.

Bu baxımdan, Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik təklifləri onun müstəqil iradəsinin məhsulu deyil. Tbilisi bu məsələdə Qərbin maraqlarının tələbləri əsasında hərəkət edir. Lakin Gürcüstandakı hökumətin Rusiyadan çəkinməsi onu Moskvanın da maraqlarını nəzərə almağa vadar edir.

Bununla da Azərbaycan-Ermənistan liderlərinin görüşünün mümkün Tbilisi formatı Qərblə Rusiya arasındakı rəqabəti də tənzimləyə bilən xassəyə malikdir.

Ancaq Azərbaycan və Türkiyə Gürcüstanın NATO ilə Rusiyanın didişmə poliqonu xarakteri qazanmaması üçün əllərindən gələni edirlər. Bu baxımdan Tbilisi formatı elə qurulmalıdır ki, Gürcüstan Rusiyanın hədəfinə gəlməsin.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir