• Ça. Noy 5th, 2024

David Aptsiauri: “Ermənistan çoxdan baş verənləri anlamaq mərhələsinə keçməliydi” – MÜSAHİBƏ

ByYenigun.news

Yan 20, 2023

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda Dünya İqtisadi Forumunda keçirilən görüşdə bəyan edib ki, Tbilisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında neytral, qərəzsiz və obyektiv vasitəçidir.

Son iki ildə Gürcüstan tərəfi, həqiqətən də, dəfələrlə öz vasitəçiliyini təklif edib və bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib: “Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib”.

Eyni zamanda, Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Bakının təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi, çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub.

“Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir. Çünki əgər Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.

Oxu.Az bununla bağlı Gürcüstanın Ticarət və Sənaye Palatasının Baş direktoru, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauridən müsahibə götürüb.

Məsələyə münasibət bildirən Aptsiauri qeyd edib ki, Tbilisinin vasitəçiliyinə həm Azərbaycan, həm də Ermənistan ümumilikdə müsbət yanaşırlar:

– Gürcüstan Cənubi Qafqazda bütün mübahisəli məsələlərin həllində maraqlıdır. Gürcüstan burada, sadəcə, vasitəçi kimi çıxış etmir – bu, çox sadə izahdır, – baxmayaraq ki, məzmunca elə vasitəçilikdir. Amma bunu daha geniş şərh etmək lazımdır. Bu fəaliyyət növündən danışırıqsa, onun beynəlxalq münasibətlər sistemində öz standartları var.

Gürcüstanın (İrəvanla Bakı arasında danışıqlarda – red.) iştirakının müsbət ola biləcəyini göstərən bir çox amillər var. Geniş mənada Tbilisi regionda sabitliyin bərqərar olmasında, Cənubi Qafqazın qlobal iqtisadiyyata daha da geniş cəlb olunması üçün yeni imkanların yaradılmasında maraqlıdır. Gürcüstan təkcə danışıqlar üçün əlverişli yer deyil; biz müəyyən maraqlı təcrübələr toplamışıq və Cənubi Qafqazın bütün ölkələri üçün yeni əməkdaşlıq modeli, yeni variantlar təqdim etməyə hazırıq.

Yeri gəlmişkən, bu barədə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən görüşdə danışıblar. Azərbaycan dövlətinin başçısı bildirib ki, Gürcüstan ənənəvi olaraq bütün qonşuların yüksək səviyyədə görüşləri üçün məkan olub.

Əslində, bizim ümumi cəhətlərimiz çoxdur, bu o deməkdir ki, mübahisəli məsələlərin həlli üçün sağlam əsas var, bunun üçün iradə və maraq lazımdır. Yəqin ki, bayağı çıxacaq, amma buna baxmayaraq, erməni tərəfini nəzərdə tutaraq deyirəm: gəlin gələcəyə baxaq, bu, həm Ermənistana, həm də regionun digər ölkələrinə fayda verəcək.

– Prezident İlham Əliyev Davosda qeyd etdi ki, Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifə cavab verməyib. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunub. İrəvan nümayəndələri hətta 2022-ci il dekabrın 23-də müqavilənin mətninin müzakirə olunacağı iclasda iştirak etməyiblər. Ermənistanın baş naziri Nikol Paşinyan özü də vaxtaşırı Ermənistanın Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu bəyan edir, lakin sonra özünü təkzib edir…

– (Ermənistan tərəfinin – red.) yanaşmalarında nəyə görə belə dalğalı dəyişikliklər olduğunu söyləmək mənim üçün çətindir. Amma Ermənistanda mürəkkəb daxili siyasi proseslərin getdiyi göz qabağındadır. Görünür, bir növ konsensusa gəlmək çətindir və bunun nə qədər çətin olduğunu başa düşürəm. Məsləhət vermək istəməzdim, Ermənistan özü qərar verməlidir, lakin aydındır ki, çoxdan hadisələrə real qiymət vermək, baş verənləri dərk etmək mərhələsinə keçmək lazımdır.

Qlobal qarşıdurma dövründə böhranın nəticələrini yumşaltmaq üçün ən qısa yolları tapmaq lazımdır. Regional əməkdaşlığın inkişafı üçün optimal yanaşma nə qədər tez və sürətli tapılarsa, bu, regionun bütün dövlətləri, o cümlədən Ermənistan üçün bir o qədər yaxşı olar.

Hesab edirəm ki, bu gün sülh sazişinə hazır olmaq barədə, sadəcə, nikbin bəyanatlar kifayət etmir, praktik addımlara ehtiyac var. Konstruktiv hərəkət etməyin vaxtıdır. Sonunda Azərbaycanın suverenliyi tapdalanarkən pozulan beynəlxalq normalar üstün gələcək. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir və bu nə qədər tez baş verərsə, regionun bütün ölkələri üçün bir o qədər yaxşıdır.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir