Bu il Qanlı Yanvar hadisələrindən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən soyuq qış gecəsi SSRİ-nin qaniçən ordusu, heç bir xəbərdarlıq etmədən, Bakı şəhərinə və Azərbaycanın digər şəhər və rayonlarına yeridildi. Keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tutdu. Nəticədə yüz əlliyə yaxın insan qətlə yetirildi, 700 nəfərdən çox insan yaralandı və şikəst oldu.
Həmin vaxt Xəzər Dəniz Neft Donanmasının mülkü gəmiləri Bakı buxtasına toplaşaraq sovet ordusunun törətdiyi bu vəhşiliyə qarşı misilsiz birlik nümayiş etdirərək, etiraz aksiyalarına başlamış və Bakıda törədilən bu vəhşiliyi dünya ictimaiyyətinə “SOS” siqnalları ilə çatdırmışdı.
Bu gün o dəhşətli gecəni xatırlayan hər bir azərbaycanlının qəlbi o günlərdə olduğu kimi döyünür.
Oxu.Az-ın əməkdaşı Qara Yanvar günü dənizdə olan kapitan, şair və jurnalist Faiq Balabəyli ilə bu barədə söhbət edib.
– Faiq müəllim, Qanlı 20 Yanvarda siz Xəzər dənizində iş başında olmusunuz. Hansı gəmidə çalışırdınız?
– 1990-cı ilin Qanlı Yanvar hadisələri başlayanda “Şirvan” gəmisində çalışırdım. Bizim gəmi növbəti iş tapşırığını yerinə yetirmək üçün Xəzər dənizində Neft Daşları ərazisində idi. Yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu Bakı şəhərində fövqəladə vəziyyət elan etmədən şəhərə daxil olub, dinc insanları atəşə tutub, onları soyqırımına məruz qoyub.
Yanvarın 19-da axşam saatlarında gəmimiz Cilov adası yaxınlığında lövbər ataraq dayanmışdı. Kayutamda istirahət edirdim. Növbətçi matros gəldi və dedi ki, Bakıda qırğındır, meyitlər küçədə qalıb. O, bunu Mayak radiosuna qulaq asarkən, verilişin dayandırılaraq bir nəfərin həyəcan dolu çağırışına əsasən söylədi.
Tez radionu açdım. Həyəcanlı səs insanları küçəyə çağırır, meyit və yaralıları götürmək üçün yalvarışlar edirdi. Bu zaman səs dayandı. Bu o zamana təsadüf edirdi ki, Azərbaycan Dövlət Televiziyasının bloku partladılmışdı.
Mən kapitan körpüsünə qalxdım və kapitan İbad Məmmədovun gəlməsini gözləmədən ətrafdakı gəmilərə efir vasitəsi ilə Bakıda baş verən faciə haqqında məlumat verdim. Sonra həmin ərazidə dayanan gəmilərin kapitanları arasında rabitə vasitəsi ilə kiçik məşvərət məclisi oldu.
Qərar qəbul olundu ki, gəmilər Bakı Buxtasına qayıtsınlar.
Yanvarın 20-də, səhər saatlarında bizim gəmi Bakı buxtasına çatdıqda artıq Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-ə yaxın gəmisi Bakı buxtasında lövbər atıb, etiraz aksiyasına başlamışdı. Gəmilər xüsusi koordinatlarda dayanmışdılar ki, hərbi gəmilərin Bakı buxtasına giriş-çıxışı məhdudlaşdırılsın. Artıq yanvarın 20-də, günün birinci yarısında hərbi gəmilərin hərəkətinə yol verməmək üçün donanmanın 100-dən çox gəmisi Bakı buxtasına gedən yolu kəsməyə tam nail oldu.
– Kapitanlar arasında hansı müzakirələr aparıldı? Həmin vaxt dünyaya “SOS” siqnalı Xəzər dəniz Donanmasının gəmisindən verilib. “SOS”un mətnində hansı sözlər var idi?
– 20 Yanvarın səhər saatlarında dənizçilərimiz fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov” adına sərnişin gəmisini qərargaha çevirdilər. Burada ağsaqqal və təcrübəli kapitanlardan bir neçəsi, eləcə də aktiv, dənizçilər toplaşmışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsi ilə gəmilərə ötürülür, müzakirələr davam edir, gəmilərin say çoxluğu ilə təsdiqlənən fikirlər həyata keçirilirdi.
Buxtada dayanan gəmilərin irəli sürdüyü təklifləri koordinasiya etmək üçün qərargaha çevrilmiş “Sabit Orucov” gəmisi bu çətin və gərəkli missiyanı öz üzərinə götürdü. Gəminin kapitanı Mövlud Əliyev heç bir şeydən, təhlükədən və ölümdən qorxmadan kapitanı olduğu gəmini xalqımız üçün qürur yeri, qəhrəmanlıq nümunəsi olan bu hadisələrdə birinci etməkdən çəkinmədi.
Beləliklə ağsaqqal və aktiv dənizçilər “Sabit Orucov” gəmisində hadisələri müzakirə edib, bu vəziyyətdən necə çıxmaq barədə məsləhətləşmələr apardılar. Həmin vaxt bir fikir var idi ki, birmənalı olaraq, sovet ordusu Bakını tərk etməli, törətdikləri qətliama son qoymalı, bütünlüklə Azərbaycan xalqından üzr istənilməli və informasiya blokadasını, informasiya qıtlığını aradan qaldırmaq, dünyaya Bakıda baş verən hadisələri olduğu kimi çatdırmaq lazımdır.
Dənizçilərimiz tərəfindən “SOS” siqnalının mətni hazırlandı. Sözügedən mətndə “dünyanın sülhsevər insanları, Bakıda qırğındır, insanları qətlə yetirirlər. Sovet İttifaqının hərbi birləşmələri özlərinin vətəndaşlarına qarşı qəddar mövqe sərgiləyirlər”, – deyə qeyd edildi. Daha sonra dənizçilərimizin ümumi iclasının yekunu olaraq, tələbnamələr hazırlandı və SSRİ-nin prezidenti Mixail Qorbaçova, SSRİ Ali Sovetinə, Sovet İttifaqının hərbi naziri, marşal Dmitri Yazova və digər rəsmilərə ünvanlandı.
– Dediniz ki, dənizçilər iclas keçirdilər və Sovet ordusundan tələblər də hazırlanıb. Sovet ordusundan şərtlər nə idi?
– Tələbdə “Yanvarın 20-dən 21-ə keçən gecə səhərə kimi, sovet ordusu şəhəri tərk etməli, insanlar işinə getməli və şəhərdəki qırğına son qoyulmaları yer alırdı. Eyni zamanda, sahildən, yaxud dənizdən güc tətbiq edilərsə, estakadaya bərkidilmiş gəmilər, tankerlər, həmçinin sahildəki neft bazaları dərhal yandırılacağı, hərbi gəmilər hərəkətə gətirilərsə, bizə həyatımız bahasına başa gəlsə belə, onların hərəkətinin qarşısını alacağıq” – deyə bildirilmişdi.
Daha sonra nümayəndələrimiz Azərbaycanın Ali Sovetinin sədri Elmira Qafarova, bəstəkar, millət vəkili Arif Məlikov, Akademik Tofiq İsmayılovla, eləcə də, SSRİ-nin Bakıda olan yüksəkrütbəli hərbi siyasi rəhbərləri ilə müdafiə naziri, Sovet İttifaqı Marşalı Dmitri Yazov, vitse-admiral Sidorov və digərləri ilə görüşdülər.
Marşal bizim nümayəndələrə – “Əgər Bakı buxtasını boşaltmasanız, hamınızı yandırıb, batıracağıq”, – deyib onları hədələyib. Gəmiçilərimiz də marşaldan ordunun Bakını tərk etməsini istəyiblər. Bakıda baş verən qırğında sovet rəhbərliyi özləri üçün haqq qazandırır, yalandan deyirdi ki, Azərbaycanda bir qrup ekstremist asayişi pozur.
– Dənizçilər “SOS” siqnalı ilə bütün dünyanı bu hadisələrlə bağlı xəbərdar edə bildimi?
– Biz hər saatdan bir “SOS” siqnalı ilə bütün dünyaya informasiyanı, həqiqəti ötürdük. Dünyanın 50-dən çox informasiya agentliyi Azərbaycanda baş verən qırğından dənizçilərin ötürdüyü “SOS” siqnal vasitəsi ilə xəbər tutdu.
– Şəhidlərin aparılıb dənizə batırıldığı haqqında iddialar vardı. Doğrudan belə bir hal olub?
– Həmin vaxt bizə məlumat gəldi ki, sovet ordusunun əsgərləri meyitləri küçələrdən yığışdırıb, gəmilərə yığır və aparıb dənizə tökəcəklər. Hərbçilər dənizçilərimizlə növbəti dəfə danışığa girdilər və onlar bizdən hərbi gəmilərin Bakı buxtasından çıxarılması üçün yol istədilər. Biz isə onlara gəmilərin ərazidən çıxmayacağı cavabını verdik.
Onlar bildirdilər ki, istəkləri rus zabitlərinin ailələrini, uşaqlarını təhlükəsiz yerə çıxarmaqdır. Cavabında – “Əgər sizin ailələrin yaşam təhlükəsi varsa, bəs eyni ölkənin vətəndaşı olan bizim qadınlar, uşaqlar niyə bu təhlükə qarşısında qalmalıdırlar?”, – deyə bildirildi.
Sonra həmişəki kimi, Azərbaycan humanistliyi göstərildi. Onlara hərbi gəmilərin yoxlandıqdan sonra ərazidən çıxmalarına icazə veriləcəyi bildirildi.
Həmin vaxt axşam saat 21:00 radələrində “Babazadə” gəmisi yaxınlaşıb, sovet ordusunun hərbi gəmisini yoxlamalı idi, amma həmin ərəfədə gəmilərdən biri aradan çıxdı.
Həmin gəmini ötürən, guya təhlükəsizliyini təmin edən iki hərbi gəmi bizim gəmini atəşə tutdu. Biz onların həmin gəmi ilə həqiqətən meyitləri aparıb, dənizə atacaqları barədə faktları görə bilmədik.
– Bununla da dənizçilərimizin müqavimətini qıra bildilərmi?
– Əlbəttə ki, yox. Tələblərimiz daha da kəskinləşmişdi. Əgər ordu şəhərdən çıxmasa, ayın 22-də biz, xəbərdarlıq olaraq bir gəmi yandıracağıq. Gəminin birini hazırlamışdıq. O vaxt Bakı komendantı general Tyuqunov idi. Ondan xəbər gəldi ki, hər şey dayandırılsın.
Nümayəndəni qəbul edəcəklər. “Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyev və akademik Tofiq İsmayılov Yazovla görüşdülər. Görüş zamanı Yazov deyib ki, “niyə siqnal verirsiniz, qoymursunuz yatmağa…” O da çox cəsarətlə ona deyib ki, “Siz bura yatmağa gəlibsiniz?”.
Mülki dənizçilərin nümayəndəsinin müdafiə naziri marşalla apardığı söhbət sanki iki qarşı-qarşıya gələn dövlətin nümayəndələrinin bir-biri ilə apardığı söhbət idi.
Yanvarın 24-də Bakı Buxtasında fövqəladə vəziyyət elan olundu. Gəmilərimiz sahildən gülləbaran edildi. Hərbi katerlər buxtaya girib gəmiləri atəşə tutdu, gəmilərə desantlar yeridildilər, həbslər, işgəncələr baş verdi. 50 nəfərə yaxın dənizçi Rusiyaya sürgünə aparıldı.
– Sürgün olanlar barədə sonradan məlumatınız oldumu?
– Bir aydan sonra onları evə buraxdılar və “Asayişi pozduqları” adı ilə sənədləşdirib həbs etdilər.
– Dənizçilərimiz 20 Yanvarda xalqımızın haqq səsi oldu…
– Bakı Buxtasında olan dənizçilər mülki gəmilərlə sovet ordusunun silahlanmış gəmilərinin qarşısında dayandılar. Ona görə də bizim gəmiləri güllə yağışına tutdular. Ümumilikdə iki gəmimiz alova büründü, 30-dan çox gəmiyə minlərlə güllə dəydi.
Dənizçilər qarşısına qoyduğu hədəfə çatdılar. Hədəfimiz Azərbaycanda olan qətliamı dünyaya çatdırmaq idi, çatdırdıq. Həm də əlini hər yerdən üzən xalqımıza, qorxu içində yaşayan millətə sübut etmək idi ki, respublika ölməyib və yaşayır.
– Dənizçilərimizin mücadiləsindən bəhs edən “Bakı Buxtası – 20 yanvar” adlı kitab çap etdirmisiniz. Kitab necə yaranıb?
– Əslində bu kitab mənim bu hadisələr barədə yazdığım tək kitab deyil. Bundan əlavə olaraq, 2003-cü ildə “Kəsilməyən Həyəcan fiti” adlı bir kitab da yazmışdım ki, hər biri dənizçilrimizin 20 yanvar faciəsi zamanı göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs edir. Kitablarda müəllif qeydləri, tarixi sənədlərlə yanaşı, həm də o günlərin iştirakçılarının xatirələri yer alıb.
Daha çox şəkil burada: PhotoStock.az
İlhamə Əbülfət