• Şb. Noy 2nd, 2024

34 ildir məsciddə çalışan mürdəşir: “Cəsədləri qurd basmışdı, bəzilərinin isə yarısı yox idi” – MÜSAHİBƏ+FOTO

ByYenigun.news

Yan 21, 2023

“Elə nəşlər gətirilirdi ki, adam onları yuyanda ürəyi ağrıyırdı. Bədənlərinin yarısı var idi, yarısı yox. Ailələri mənimlə nəşi yumağa girirdilər, çox dəhşətli idi”.

Bu dəhşətli təsvirləri hər birimiz istər 20 Yanvar faciəsində, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibələrində görmüşük. Təəssüf ki, bənzər hadisə həm də 1994-cü il mart ayının 19-da saat 13:00-da “20 Yanvar” metro stansiyasında baş verən terror aktı zamanı da yaşanıb.

Həmsöhbət olduğumuz şəxs mürdəşir Nizami Əsgərovdur. Bu insanı 1990-cı illərdən bəri hər kəs tanıyır. Nizami bəy 1989-cu ildən 2005-ci ilə qədər Təzə Pir məscidində, 2005-ci ildən bu günədək isə Göy Məsciddə çalışır.

O deyir ki, 1990-cı ilin 20 Yanvar hadisələri baş verən zaman özü növbədə olmayıb, lakin şəhid olanlardan biri onların iş yoldaşı Zeynəb adlı xanımın gəlini olub.

Oxu.Az-ın əməkdaşı 55 yaşlı mürdəşir ilə həmsöhbət olub:

– Nizami bəy, necə oldu bu sahəni seçdiniz?

– Mənim bibim Təzə Pir məscidində mürdəşir kimi çalışırdı. Mən onun yanında qalırdım ki, darıxmasın, tək qalmasın. O dövrdə orada Qulamhüseyn adlı yaşlı kişi çalışırdı. Yaşı çox olduğu üçün səhhətində problemlər olurdu, bəzən işə gələ bilmirdi. Mən də orada olduğum üçün məni öyrətməyə başladılar ki, mən də işlərin qulpundan yapışım. Mənə məcburən axundlar şəriət qaydalarını öyrətməyə başladılar. O vaxt hər şey imtahanla olurdu. Məni də imtahan etdikdən, şəriət qaydalarını tam düzgün öyrəndiyimə əmin olduqdan sonra cənazələrlə tək işləməyə icazə verdilər.

Mən də öyrəndim. İlk dəfə 21 yaşımda orada hacı Adil var idi, onun vəfat edən qardaşını yumuşam.

– Birinci Qarabağ Müharibəsi vaxtı gətirilən şəhidlərin nəşini siz yumusunuz deyirlər, doğrudurmu?

– Bəli, təəssüf ki, çox sayda igid qardaşlarımız şəhid oldu. O ərəfədə Sumqayıtda yaşayan bir hərbçi var idi. Əslən Masallıdan olsa da, işi ilə əlaqədar şəhərdə qalırdı. O şəhidlərin nəşini Təzə Pir məscidinə gətirirdi.

1992-ci ildə gətirilən şəhidlərin nəşini mən yuyurdum. Dəqiq say deyə bilmərəm, amma o qədər çox və ağır vəziyyətdə idi ki, hər görəndə Allahdan ailələrinə səbir diləyirdim. Çox ağır zamanlar idi.

– Meyitlər tam deyildi, yoxsa necə?

Bəziləri natamam idi. Birinin əli, ayağı, digərinin əzaları yox idi. Çox ağır vəziyyətdə idi. Cəsədləri qurd basmışdı. O qədər ağırlaşmışdılar ki, qoxudan yaxınlaşmaq da çətin idi. Biz cəsədləri yuyub, şəriət qaydalarına uyğun kəfənləyirdik, aidiyyəti üzrə dəfn olunmalı yerə aparılırdılar.

– 55 yaşınız var. 21 yaşınızdan meyitləri yuyursunuz, sizə təsir edən ən ağır məqam nələrdir?

– Ölüm haqdır. Amma məni ən çox incidən şəhid nəşləri olub. Bizim şeyximiz, eləcə də məscidimizin axundu tapşırmışdı ki, şəhidlərin nəşinin yuyulması tam təmənnasız həyata keçirilsin. Biz onların hər birinə borcluyuq.

– Şəhidlərin qanlı paltarları ilə dəfn edilməsi şəriət qaydalarına görə qəbul edilir deyirlər, bu barədə nə deyə bilərsiniz?

– Doğrudur. Əgər onları yumaq üçün heç bir şərait yoxdursa, onları qanlı və hərbi formada dəfn edilməsi Allah qatında günah sayılmır. O şəhidlər pak hesab olunurdular. Müharibə vaxtı biz buradan kəfən, sidr və kafur göndərirdik. Bütün bunları “Göy məscid”in axundu, icma sədri Hacı Həmdüllah Babayev məscidin hesabına, tam təmənnasız göndərilməsini tapşırmışdı. Allah ondan razı olsun.  

– Metroda baş verən terror aktı zamanı ölən şəxslər də Göy Məscidə gətirilmişdi?

– Bəli, bura gətirilmişdilər. Həmin gün istər qadın, istər kişi yuyucular səhər saat 8-də işə başlayıb axşam namazına qədər fasiləsiz işlədik. Ümumiyyətlə, bizim iş bölgümüz 15 gündən bir olur. Bu hadisə bizim növbəmizə düşmüşdü. Səhərdən axşama qədər dilimizə su, çörək dəyməmişdi, Allah şahidimizdir.

Yuyucuxananın içində gətirib bizə bir stəkan su verdilər ki, ayaq üstdə qala bilək. Hadisədə elə ailə var idi ki, 3-4 nəfər üzvü ölmüşdü. Hər kəs öz vəfat edən əzizinin yuyulmasını gözləyirdi. O vaxt çox məscidlər işləmirdi – bir Təzə Pir idi, bir də Göy Məscid. Ona görə də biz onları şəriət qaydalarına uyğun son mənzilə yola saldıq.

– İkinci Qarabağ Müharibəsində şəhid olanların nəşi Göy Məscidə yoxsa Təzə Pir məscidinə gətirilirdi?

– Demək olar ki, hər ikisinə şəhidlər aparılırdı. Mən 2005-ci ildən Göy Məsciddə çalışıram. Hərbi Hospitalda müalicə prosesində şəhid olanları yaxın olduğu üçün bura gətirirdilər. Bəlkə 100-ə yaxın şəhid gətirilmişdi. Bu şəhidlərimiz 1992-ci ildə şəhid olanlardan daha ağır formada idi.

Tankda yanmış igid balalar gətirilirdi. Eləsi var idi bədəninin yarısı var, yarısı yox idi. Ailələr var idi ki övladlarını tanıya bilmirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xəstəxanadan gətirildikləri üçün artıq kimlikləri və göndəriləcəkləri ünvanlar bəlli idi. Atalar var idi ki, övladlarını kəfənə özləri qoymaq istəyirdi, biz onlara şərait yaradırdıq ki, valideyndir.

– Yanan nəşləri də eyni qaydada yuyurdunuz?

Onları torpaqla təyəmmüm edirdik. Nəşin vəziyyətinə baxırdıq. Elə cəsədlər vardı ki, tamam yanmışdı. Əl vurmaq olmurdu, sürüşüb çıxırdı əlimizdən. Onları yuyurduq, torpaqla təyəmmüm edirdik, qüsl verirdik. Eləsi var idi, bədənində tikişlər çox olurdu, yuyan zaman gərək dəri qatlarına su dəysin. Yaraların üstü bağlı olanda, açırdıq qüsl verirdik, daha sonra kəfənləyirdik. Bu iş elədir ki, səhv ola bilməz. Çox böyük məsuliyyətdir, bir kiçik səhvin belə geri dönüşü olmur.

Meyitlərin vəziyyətinə görə şəriət qaydalarında məqamlar var. Məsələn, xanım yuyucuların da işləri ağırdır. Meyitin dırnağında dırnaq boyası varsa, mütləq o təmizlənməlidir, qüsl verilməlidir. Dırnaqları boyalı halda qüsl verilərsə, şəriət qaydalarına görə düzgün deyil.

– 20 Yanvar faciəsi zamanı iş yoldaşınızın gəlininin də vəfat etdiyini dediniz.

– Həmin dövrdə mən Təzə Pir məscidində çalışırdım. İş günüm olmadığı üçün Masallıda idim. Qayıdandan sonra işdə danışarkən eşitdim. İş yoldaşımız Zeynəb adlı xanımın gəlini eyvanda paltar asan zaman güllə ilə vurmuşdular. Çox acı, dəhşətli hadisədir. 33 il keçib, o dövrdə çalışan işçilərin hamısı vəfat edib. Onlarla işləyən ən cavan işçi mən idim, mən isə o gün işdə olmamışdım.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir