Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində 2022-ci ilin yekunlarına və 2023-cü ilin fəaliyyət planına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollegiyanı açıq elan edən komitə sədri Fuad Muradov 2022-ci ilin Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində və Azərbaycan diaspor hərəkatının tarixində əhəmiyyətli yer tutduğunu bildirib, komitənin və diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Qeyd edib ki, ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı və Diaspor Gənclərinin III Yay Düşərgəsi kimi mühüm tədbirlər keçirilib, Komitənin 20 illik yubileyi Hadrutda əsgər və zabitlərimizlə birlikdə qeyd olunub. İl ərzində Dövlət Komitəsi Azərbaycan haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılması, maddi-mənəvi irsin kütləvi təbliği, lobbiçiliyin təkamülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirib, soydaşlarımızın birliyi və azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirib.
Bildirilib ki, hesabat dövründə Azərbaycan diasporu xüsusi aktiv olub, nümunəvi yekdillik və mütəşəkkillik göstərib. Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününküləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqların tapılması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın 40 ölkəsində Ermənistan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında aksiyalar keçirilib.
Ermənistanın 12-14 sentyabr təxribatı ilə əlaqədar Azərbaycan diaspor təşkilatları Avropanın aparıcı paytaxtlarında və şəhərlərində aksiyalar keçirərək, Ermənistan rəhbərliyinə etirazlarını bildiriblər. Ümumilikdə diaspor fəalları yaşadıqları ölkələrin ictimai-siyasi dairələrinə və dövlət-hökumət nümayəndələrinə təxribat barədə 70, diaspor təşkilatları isə 143 müraciət və bəyanat ünvanlayıblar.
Komitə sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq diaspor fəaliyyətinin əlaqələndirilməsi məqsədilə koordinasiya şuralarının və Azərbaycan evlərinin, eləcə də həftəsonu “Qarabağ” və “Bazar günü” məktəblərinin sayının 2023-cü ildə də artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Daha sonra DİDK-nın şöbə müdirlərinin hesabatı dinlənilib. Kollegiya iclası Prezidentin sərəncamı ilə təltif olunmuş komitə əməkdaşlarına orden və medalların təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə komitə sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, səkkiz əməkdaş “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Prezidentin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin üç əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.