• C. Noy 1st, 2024

“Dünya çip istehsalına indi başlayıb, bizdə 50 il əvvəl var idi” – Sabiq nazirlə MÜSAHİBƏ

ByYenigun.news

Yan 25, 2023

“Dünya çip istehsalına indi başlayıb, bizdə 50 il əvvəl var idi. Alimlərimiz yaxşı işləyirdilər, elmi istehsalat birliklərimiz fəaliyyətdə idi, onlarla ölkəyə məhsul ixrac edirdik. Mən hələ yalnız qeyri-neft sahəsindən danışıram. Çox zəngin bir ölkə miras qalmışdı bizə”.

Bunu lent.az-a müsahibəsində 1992-93-cü illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində olan iqtisadçı alim, professor Saleh Məmmədov deyib. O, vəzifədən azad edildikdən sonra fəaliyyətinə Milli Bankın İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətində icra başçısının məsləhətçisi kimi davam edib. Hazırda müxtəlif universitetlərdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

– Saleh müəllim, insanların bir ailənin maliyyə yükünü daşımaqda çətinlik çəkdikləri bir zamanda 1990-cı illərdə nazir postuna oturmaqdan çəkinmədiniz?

– O zamana qədər müəyyən təcrübəm var idi. Ona qədər Azərbaycan KP MK-nın iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdim. 1979-cu ildən başlayaraq milli iqtisadiyyatımızın təhlili ilə məşğul olmuşdum. Azərbaycanın böyük resurslarının olduğunu bilirdim. Nazir postuna isə xaricdən gəldim. Uzun müddət Türkiyədə işləmişdim və orada Almaniya, Avstriya, İngiltərə təcrübəsini öyrənmişdim. Çətin olmadı. 

– Sovet Azərbaycanından sonra xəzinədə çox şey qalmışdı?

– O zaman maliyyə çətinliyi düşündüyünüz qədər ağır deyildi. Sovet İttifaqı bizdən nəhəng pullar çəkib aparırdı. Sovet hökumətinin istismarına ən çox Azərbaycan məruz qalmışdı. Müstəqillik qazandıqdan sonra cəmi bir il içində bu maliyyə vəsaitinin hamısı ölkədə qaldı və investisiya, inkişaf üçün yaxşı imkanlar yarandı. Hər həftənin şənbə günləri iş adamları ilə görüşüb onları yönləndirir, kömək edirdim. İstehsal sahəmiz o zaman hələ dağılmamışdı. Sənaye məhsulu üzrə istehsal səviyyəmiz 35-40 faiz təşkil edirdi, hazırda bu göstərici 90 faizdir. Bu o deməkdir ki, biz neftdən daha az asılı idik. Təəssüf edirəm ki, planladığımız bütün işləri görə bilmədim.

Beynəlxalq əlaqələrimiz Moskvanın tənzimləməsi ilə həyata keçmişdi. Buna görə də münasibətləri az zaman içərisində qaydaya salmaq olmadı. İxracat sahəsində işləyən bacarıqlı kadrlarımız var idi. O zaman valyuta ehtiyatlarımızı qorumaq üçün Moskvaya yönəltməyib, xarici banklara yatırmağı bacarmışdılar. Mən işdən çıxdığım dövrdə xarici banklarda yarım milyarda yaxın valyuta ehtiyatımız toplanmışdı. Sovet Azərbaycanından müstəqil Azərbaycana yaxşı istehsal sahələri qalmışdı. Elə bircə faktı qeyd edim ki, hələ 1970-ci illərdə Heydər Əliyev Bakıda çip, elektron qurğular istehsal edən cihazqayırma müəssisəsi yaratmışdı. Dünya çip istehsalına indi başlayıb, bizdə 50 il əvvəl var idi. Alimlərimiz yaxşı işləyirdilər, elmi istehsalat birliklərimiz fəaliyyətdə idi, onlarla ölkəyə məhsul ixrac edirdik. Mən hələ yalnız qeyri-neft sahəsindən danışıram. Çox zəngin bir ölkə miras qalmışdı bizə. 1993-cü ildə bizim büdcəmizdə kəsir olmadı.

– Bəs nə üçün inflyasiya, geriləmə baş verdi?

– Rubl məkanından dərhal çıxa bilmədik, rubla uyğunlaşmalıydıq. Dollara keçə bilməmişdik. Elmi istehsalat birliklərinin işini qoruyub-saxlaya bilmədik. 44 günlük müharibədə bizə qələbəni əsgərlərimizin igidliyi ilə yanaşı, həm də ağıllı texnologiyalar qazandırdı. İstehlakçıyıq. İstehsalçı olmalıyıq, ən yeni texnologiyalara sahib olmaq üçün xərc çəkməliyik. 1985-ci illə müqayisədə elmə çəkilən xərclərimiz mütləq mənada azalıb. 1985-ci ildə Azərbaycanda elmə 150 milyon dollar xərc çəkilirdi, bu gün bu rəqəm 100 milyondur.

– Sizcə, maliyyə naziri postunu idarə eləmək indi asan olardı, ya o zaman?

– İndi çox asandır. O zaman keçid dövrünü yaşayırdıq. Qanun, təlimat yox idi. Əyalət iqtisadiyyatı səviyyəsindən milli iqtisadiyyat səviyyəsinə keçirdik. Kadrlar yox, qanunlar yox, mərkəzləşdirilmiş plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçirdik. Bunlar fərqli şeylər idi, təcrübəsizlik özünü göstərirdi. Nazirlərin çoxu bazar iqtisadiyyatı nədir – bilmirdilər. Bu ifadə işlənəndə elə bilirdilər, söhbət adi bazarlardakı vəziyyətdən gedir. Hamısı sovet iqtisadiyyatının mütəxəssisləri idilər. Mənim kimi xaricdə oxumuş, təcrübə qazanmış adam çox az idi. Mərkəzi Bankı və bankların fəaliyyəti haqqında qanunları biz alman mütəxəssislərin iştirakı ilə Türkiyədə hazırlayıb gətirdik. Əmanətlərin Sığortalanması Fondu dərhal yaradılmalıydı, vacib idi, bunu yaratmağa qoymadılar. Yalnız 2006-cı ildə bu fond yaradıldı. Məncə, indi də mükəmməl fəaliyyət göstərmir. Biz hələ 1992-ci ildə, ilk kollegiya iclasında rəqəmsal iqtisadiyyata keçid hədəfi qoymuşduq. Bu da yarımçıq qaldı. Rəqəmsal iqtisadiyyata keçid 2003-cü ildən tətbiq edilməyə başladı.

 – O zaman internet yox idi. Bunu necə edəcəkdiniz?

– Maliyyə Nazirliyinin banklar sistemi nəzdində rəqəmsal keçid təmin olunmalıydı. Pentaqonun təcrübəsindən yararlanacaqdıq. “Network” – şəbəkə sistemindən istifadə etməklə banklar rabitə vasitəsilə bir-birlərinə birləşirdi. Bakıda oturub istənilən bölgədəki bankın işinə nəzarət eləmək olardı. Rabitə Nazirliyi ilə danışdıq, rabitə sistemini avtomatlaşdırdıq, lakin işlər yarımçıq qaldı. Sonra internet çıxdı. Prezident İlham Əliyev 2003-cü ildə bu proqramın tətbiqi ilə bağlı göstərişlər verdi. 

O zaman ehtiyatlarımızı milyonlarla hesablayırdıq, indi milyardlardan danışırıq. Bu çox böyük göstəricidir. Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyardı keçib. Bu o deməkdir ki, Türkiyə də daxil olmaqla bütün türk dünyasında, iqtisadi islahatlar keçirməyə bəs eləyəcək qədər böyük resursa malikik. Biz bu ehtiyatlar hesabına hətta beş il heç nə istehsal eləməsək də, ölkəni idarə edə bilərik. İndi prosesləri bilən insanlar çoxdur, yüksək texnologiyalar var. Hazırda daha asandır. Sinqapur iqtisadi islahatlara iki milyard dollarla başlayıb, amma görün hansı zirvələrdədir.

– Hər zaman böyük həvəslə Sinqapurun yüksəlişindən, “Marşall” planından danışırsınız. Bu planı Azərbaycanda tətbiq etmək arzunuz olmuşdu və ya indən belə tətbiq etmək olar? 

– “Marşall” planı bir zamanlar bizə tətbiq oluna bilərdi. Onda pul ehtiyatlarımız az idi. İndi valyuta ehtiyatlarımız o qədər çoxdur ki, Azərbaycan özü başqa ölkələrdə “Marşall” planını tətbiq etmək üçün mənbə kimi çıxış edə bilər. Azərbaycan valyuta ehtiyatlarının səviyyəsinə görə çox irəlidədir və bu Azərbaycan Prezidentinin xidmətidir. Ekstra rezerv ehtiyatlarımızın həcminə görə dünyada dörd ölkədən biriyik. Bu ölkələr İsveç, Norveç, Sinqapur və Azərbaycandır. Beynəlxalq valyuta ehtiyatı tələbi altı milyarddır, biz bu tələbi doqquz dəfə üstələmişik. Həddən artıq vəsaitimiz var, dövlət düzgün tətbiq etsə, ölkəmiz dünyanın ən güclü ölkələri sırasında olacaq. Elmi-texnoloji inkişaf bizim çıxış yolumuzdur. Dünya tarixində elmlə başlayan heç bir islahat uğursuzluğa düçar olmayıb. Hərdən mənə xəyalpərəst deyirlər, amma Azərbaycanın ən inkişaf etmiş ölkə olmaq ehtimalı xəyal deyil, mövcud şərtlərə görə, Azərbaycan nə Sinqapurdan, nə Cənubi Koreyadan, nə Dubaydan, nə Honkonqdan geri qalır. Prezident sağ olsun, qurub və iqtisadi orqanların sərəncamına verib. Sadəcə, ağılla və səmərəli istifadə etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir