“İranın “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxması Xəzər regionunda əlavə gərginliyə səbəb ola bilər”.
Bunu “Report”a politoloq, Bredford Universitetinin beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə professoru Kristof Blat deyib.
O bildirib ki, İranın “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxmağa hazır olub-olmadığı hələ aydın deyil:
“Əgər İran müqavilədən çıxarsa, Rusiya kimi digər dövlətlərin nüvə materiallarını və ya məlumatları İran ilə paylaşması rəsmən qadağan ediləcək, bununla da onlar nüvə stansiyaları üçün yanacaq ala bilməyəcəklər”.
Onun fikrincə, bu, mənfi fəsadlara səbəb ola bilər. Professorun sözlərinə görə, bu, özü ilə əlavə sanksiyalar gətirə bilər:
“Digər tərəfdən, əgər İranın, həqiqətən də, nüvə silahına malik olduğu və ya onu əldə etmək prosesində olduğu güman edilirsə, bu, hər şeydən əlavə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlar keçirməsinə səbəb ola bilər”.
K.Blatın fikrincə, hələlik İranın bəyanatları boş ritorikadan başqa bir şey deyil:
“İran “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxmağa görə tətbiq olunacaq sanksiyaları nəzərə alaraq bu addımı atmayacaq”.