• C. Noy 1st, 2024

“Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir” – RƏY

ByYenigun.news

Yan 26, 2023

“Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir”.

Bu sözləri “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı Azərbaycan tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi daxil olub:

“Ulu öndər müstəqil Azərbaycanın inkişafının təməl prinsiplərini formalaşdırıb, xalqımız və dövlətimiz naminə misilsiz xidmətlər göstərib. Heydər Əliyevin uğurlu daxili və xarici siyasət strategiyasının sayəsində ölkəmiz iqtisadi inkişafa, daxili siyasi sabitliyə və əmin-amanlığa, milli-mənəvi dəyərlərə qayıdışa, bu dəyərlərin qorunmasına nail olub. Ümummilli liderin 1993-2003-cü illərdəki rəhbərliyi dövründə ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, Azərbaycan, sözün əsl mənasında mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. Bütün bunların nəticəsidir ki, müstəqil dövlətimiz 1993-cü ildən başlayaraq inkişaf yolunda inamla irəliləyir və qazanılan möhtəşəm uğurlar ölkəmizin qüdrətinin daha da artmasını təmin edir.

Ölkəmizdə həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyev irsinin həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib. Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib”.

Heydər Əliyev yolunun müstəqil Azərbaycanın inkişafını müəyyən edən konseptual proqram olduğunu nəzərə çatdıran qurum rəhbəri bildirib ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ulu öndərin şəxsiyyətinə, onun siyasətinə xalqımızın dərin ehtiramının ifadəsidir:

“Müasir dövrdə ölkəmizdə sosial, iqtisadi, daxili və xarici siyasət, gənclər və gender məsələlərində dahi şəxsiyyətin müəyyən etdiyi xətt əsas götürülməklə Prezident İlham Əliyev tərəfindən yeni dövrün – 21-ci əsrin – çağırışlarını özündə əks etdirən siyasət həyata keçirilir. Ölkəmizin inkişaf strategiyasının müəllifi də məhz ümummilli liderimizdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər – azərbaycançılıq ideologiyası, qanunçuluq, hakimiyyətin mənbəyinin xalq olması, vətəndaş həmrəyliyi dövlətçiliyimizin təməl prinsipləridir. Bu prinsiplər ölkəni daim irəliyə aparır və Prezidentimiz İlham Əliyevin siyasəti də bu təməllərə söykənir.

İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi ulu öndərin siyasətində ən vacib istiqamətlərdən birini təşkil edirdi. Heydər Əliyev çıxışlarında işğal edilən torpaqlarımız barədə danışarkən Şuşanı xüsusilə vurğulayırdı. 44 günlük Vətən müharibəsinin nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik. Bütün bunlar ulu öndərin siyasətinin məntiqi davamıdır ki, bunu da Ali Baş Komandan İlham Əliyev uğurla yerinə yetirdi. Bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir. Respublikamızın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Bu siyasətin nüvəsində müstəqil dövlət, onun maraqları, xalqın rifahı, Azərbaycanın gücünün, qüdrətinin daha da artırılması, ölkəmizin bütün dünyadakı həmvətənlərimiz üçün mayak rolunu oynaması dayanır”.

Komitə sədri xatırladıb ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın ulu öndərin müəyyən etdiyi yolla getdiyini hər zaman vurğulayır:

“Heydər Əliyev yolu respublikamızın müxtəlif sahələrdəki, istiqamətlərdəki fəaliyyətini özündə əks etdirir. Heydər Əliyev siyasəti müasir dövrün çağırışları ilə uzlaşır. Bu irs Prezident İlham Əliyevin siyasəti vasitəsilə daha da zənginləşdirilərək Azərbaycanın inkişafının əsasını təşkil edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamdan irəli gələrək ulu öndərin siyasi irsinin öyrənilməsi, təbliği və təşviqi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də mühüm tədbirlər keçirəcək. Müxtəlif istiqamətlər üzrə Heydər Əliyev siyasəti, Heydər Əliyev irsi daha dərindən tədqiq olunacaq, öyrəniləcək.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” müxtəlif qurumlar tərəfindən yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi, onun həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, ulu öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşr edilməsi kimi mühüm istiqamətləri əhatə edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası tərəfindən bu qəbildən çox mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.

“Hər bir azərbaycanlı, xüsusilə gənc nəslin nümayəndələri ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində rəhbər tutmalıdırlar. Əminəm ki, 2023-cü ildə bütün cəmiyyətə, əsasən də gənc nəslə ulu öndərin irsi daha geniş şəkildə çatdırılacaqdır ki, bu da Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan Heydər Əliyev dühasından gələcək nəsillərin bəhrələnməsi üçün böyük əhəmiyyət daşıyır” -, M.Qurbanlı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir