“Ermənistan ərazisində, Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) uzunmüddətli mülki missiyasının yerləşdirilməsi rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində destruktiv addımdır”.
Bunu “Report”a Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.
O deyib ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması baxımından missiyanın yerləşdirilməsi heç bir halda danışıqlar prosesinə kömək etməyəcək, əksinə, buna mane olacaq:
“Ermənistan bu missiyanın yerləşdirilməsini Aİ-nin dəstəyinin təzahürü kimi qəbul edəcək, sülh müqaviləsi imzalamağa və hətta 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə maraq göstərməyəcək”.
S.Pritçin bir qədər əvvəl tərəflər arasında qarşıdurmanı azaltmaq üçün iki aylıq müddətə analoji missiya yerləşdiriləndə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı əsas məsələlərin öz həllini tapmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının XİN rəhbərləri “Qafqazda münasibətlərin normallaşmasını təşviq etmək” üçün Ermənistanda ikiillik mandata malik mülki missiyanın yerləşdirilməsini təsdiqləyiblər.