Beynəlxalq Muğam Mərkəzində Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin açılmasının 15 illiyi qeyd edilib.
“Report”un məlumatına görə, bununla əlaqədar konsert təşkil olunub.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko açılış nitqində Aİ-nin Azərbaycandakı ofisinin ölkənin dövlət orqanları, müxtəlif qurumları və digər strukturları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiyini bildirib. O, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin, yəni Avropa Şurasının rəhbəri Şarl Mişelin və Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayenin Bakıya səfərlərini xatırladıb.
“Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycanın ixracının yarısı Aİ ölkələrinin payına düşür. Energetika sektorunda əməkdaşlığa dair yeni memorandum əlaqələrimizi yeni səviyyəyə yüksəldib. Həmçinin “yaşıl” enerji sahəsində də sıx əməkdaşlıq qurulub”, – o deyib.
P.Mixalko, həmçinin qeyd edib ki, Azərbaycanla aviasiya sazişinin imzalanması ilə bağlı danışıqlar yekun mərhələdədir.
O xatırladıb ki, Aİ işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində Azərbaycanla sıx əməkdaşlıq edir, ANAMA-ya yardım göstərir.
“Bununla Cənubi Qafqaz regionunun sabitliyinə və rifahına sadiq olduğumuzu göstəririk”, – səfir bildirib.
P.Mixalko əlavə edib ki, Aİ indiyədək Azərbaycanda 50-dən çox tvinninq layihəsi təşkil edib.