• Ca. Okt 31st, 2024

“Kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil” – RƏY + FOTO

ByYenigun.news

Yan 27, 2023

“Kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil”.

Bunu ”Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

“Silahlı hücum ciddi təəssüf doğurur və bu hadisəyə görə ən birinci məsuliyyəti İran tərəfi daşıyır. İran Azərbaycan səfirliyini yüksək səviyyədə qorumalı idi ki, belə terror hadisələri baş verməsin. Ancaq bu gün biz bunu İranın siyasətində tam görmürük. Halbuki bu gün biz İranın Azərbaycandakı səfirliyini yüksək səviyyədə qoruyuruq”, – deputat vurğulayıb.

Deputat hesab edir ki, hadisənin baş verməsində İranın daxilində Azərbaycana qarşı aparılan təbliğat da rol oynayır:

“Gecə-gündüz İranın televiziya və saytları Azərbaycan əleyhinə çox ciddi təbliğat aparırlar. Bu gün Azərbaycanda cinayət törətdikləri sübut olmuş şəxslər İranda sərbəst hərəkət edirlər, Azərbaycan əleyhinə təbliğat aparırlar. İranda Azərbaycana qarşı müqavimət hərəkatı yaradılıb. Bu hərəkat da eynilə Azərbaycan əleyhinə düşmənçilik yayır”.

C.Məmmədov vurğulayıb ki, İran tərəfi hadisəni ciddi araşdırmalı, səbəbkarları tapmalı və qanunvericiliyə müvafiq addımlar atmalıdır:

“Kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil. Azərbaycan hər zaman üzərinə düşəni edib. İran Azərbaycana qarşı dostluq münasibətlərini qorumalıdır. Dostluğa zidd əməllərdən uzaq olmalıdır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir