• Ca. Okt 31st, 2024

Siyasi texnoloq: “Dünyanın istənilən ölkəsində səfirliklərə hücum yerli hakimiyyətin zəifliyindən xəbər verir”

ByYenigun.news

Yan 27, 2023

“Dünyanın istənilən ölkəsində səfirliklərə hücum həmişə ya hər hansı ekstremist təşkilatın hücumlarının və təxribatlarının qarşısını ala bilməyən yerli hakimiyyət orqanlarının zəifliyindən, ya da yerli hakimiyyətin səfirliyi hücuma məruz qalan dövlətin siyasətindən narazı olmasından xəbər verir”.

Bunu “Report”a açıqlamasında siyasi elmlər namizədi, israilli siyasi texnoloq Yuri Boçarov deyib.

“İran məsələsində biz bu amillərin hər ikisini görürük. Hakimiyyət öz xalqının narazılığını repressiya və silah gücü ilə cilovlamağa çalışır. Bu cür aqressiya həmişə əhali arasında ekstremist qrupların yaranmasına gətirib çıxarır. Digər tərəfdən, İran rəhbərliyi Azərbaycanın siyasətindən narazılığını gizlətmir və ən əsası, Azərbaycanın çiçəklənməsinə səbəb olan iqtisadi və siyasi uğurlara həsəd aparır”, – Boçarov bildirib.

Onun sözlərinə görə, İran dünya birliyinin hüquqi strukturundan çoxdan kənar qalıb.

“İran uzun müddətdir ki, beynəlxalq normalara, aktlara və müqavilələrə əməl etmir. Bunu həm “nüvə sazişi” üzrə, həm Avropa İttifaqı, həm də ABŞ ilə danışıqların yavaşlaması sübut edir. Bütün hallarda, beynəlxalq hüquq normalarına riayət olunması məsələsində İran rəhbərliyi yalnız şəxsi maraqlardan və məqsədlərdən çıxış edir. Əgər bu, onlar üçün faydalıdırsa, əməl edirlər, yox, əgər faydalı deyilsə, qanuna “tüpürürlər” və bunu “uca yaradanın iradəsi”, ya da millətin, əslində isə şəxsi maraqları ilə əsaslandırırlar”, – ekspert bildirib.

O qeyd edib ki, İranın riayət etmək istəmədiyi beynəlxalq hüquqa əsasən, bu dövlət öz sərhədləri daxilində baş verən hər şeyə görə məsuliyyət daşıyır, çünki bu, İranın suveren ərazisidir və bura onun qanunları, hüquq-mühafizə orqanları və ordusu ilə idarə olunur.

“Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində siyasi və iqtisadi maraqları baxımından Azərbaycan ilə razılığa gələ bilməyən İran Ermənistanı silahlandırmaqla, yaxud Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmaqla, sadəcə olaraq, Azərbaycanı açıq-aşkar şantaj etməyə başlayıb”, – Boçarov deyib.

Siyasi texnoloq hazırda dünyada bir çox güclərin bu qarşıdurmanın başa çatmasında maraqlı olmadığını təəssüflə bildirib:

“Lakin 44 günlük müharibənin nəticələri və Azərbaycanın sonrakı uğurları göstərir ki, bu dövlət hazırda istənilən təcavüzə və təxribatlara qarşı müqavimət göstərmək üçün kifayət qədər gücə və imkanlara malikdir”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir