İranın Azərbaycana qarşı cəbhəni terrorçu vasitələrlə aktivləşdirməsi Tehranın son variantlara əl atdığını göstərir.
İran öz qəzəbinin qalaqlanaraq partlamasını Azərbaycan səfirliyinə hücum vasitəsilə göstərdi.
Hərçənd ki, İran bu terror aktını məişət zəminindəki cinayət hadisəsi kimi tövsif edir.
Ancaq yayılan videolara baxanda İranın nə qədər yalançı və ucuz təbliğatla məşğul olduğu aydın görünür.
Əslində, bir dövlət kimi İran, heç olmasa, bu hücumu qınayan bir bəyanat səsləndirməli idi, amma belə əlamətlər sezilmir.
İran öz əməlinə müxtəlif donlar geyindirməklə məşğuldur, bununla da keçmişin və indinin qisasını aldığını zənn edir.
Azərbaycan İranın illərlə üzərində işlədiyi, pul xərclədiyi, resurs sərf etdiyi kəşfiyyat şəbəkəsini zərərsizləşdirdikcə Tehran ona dəyən şapalaqları onurğa sütununda hiss edir.
Xüsusilə Azərbaycanın Ermənistan üzərində həlledici qələbəsi və Bakının İrəvan qarşısında diktəedici şərtləri fonunda İran şəbəkəsinin iflası molla rejiminin yaralarını dərinləşdirir.
İranın 1990-cı illərdən bu yana xərclədiyi resursların məqsədləri:
1. Azərbaycanda dini inanc sistemində dərin böhran yaratmaq;
2. İctimai-siyasi sferada gərginlik yaşatmaq və yarana biləcək boşluqları öz ideologiyası ilə doldurmaq;
3. Azərbaycanda multikultural ictimai modeli dağıtmaq üçün müxtəlif etnik amillər üzərindən təhrifedici fikirlər tirajlamaq;
4. Azərbaycanda separatçılıq hərəkatı yaratmaq;
5. Azərbaycanın müstəqillik ideallarını sarsıtmaq və ölkədə dövlətə müxalif olan radikal ünsürlər yetişdirmək.
Detallara da nəzər salmaq olar, lakin hesab edirik ki, əsas istiqamətlər özü detalları şifahi də olsa canlandırır.
İrandan praqmatik addımlar gözləmək də əbəsdir, o ki qalmışdı terror hadisəsinə görə üzr istəsinlər. Hər halda bir gözlənti kimi yenə yazaq – İran, xüsusilə xarici və daxili siyasətdəki tezisləri verən ali rəhbərlik üzr istəməlidir!
İnanmırıq ki, İran belə bir şey etsin, çünki onun Azərbaycanda qurduğu şəbəkə Bakının tədbirləri nəticəsində pərən-pərən düşüb. İran indi bu tikələri toplayıb yenidən vahid orqanizm halında diriltmək istəyir. İrana bağlı qrupların ağızlarından tökülən horralar da öz ağalarının dərdinə şərik olmaqdır.
Azərbaycan bunlara elə bir dərd verib ki, müalicə ilə sağalan deyillər.
İrandakı səfirliyimizə silahlı hücumdan sonra İran daha da cürətlənə bilər.
O, didilmiş parçaların bir araya gəlməsi üçün bu hadisəni motivasiya kimi istifadə edir.
Yəqin ki, bundan sonra İranın dağıtdığı təhlükələri suvamağa çalışanlar Azərbaycana qarşı təbliğatları gücləndirəcəklər.
Azərbaycanın da görməli olduğu tədbirlər var. Bakı maksimal soyuqqanlı strateji davranışların mütləq olduğunu anlayır. O, ən effektiv tədbir kimi öz strateji müttəfiqi Türkiyə ilə və strateji tərəfdaşları olan ölkələrlə kəşfiyyat kanallarını açıq tutub daha çox məlumat mübadiləsi həyata keçirə bilər.
Aqşin Kərimov