• Bz. Apr 28th, 2024

Aydın Mirzəzadə: “Prinsip etibarı ilə belə bir terrorun olmasına, sanki hazırlıq aparılırdı”

ByYenigun.news

Yan 31, 2023

Azərbaycanın İrandakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktı ilə əlaqədar araşdırmanın hansı şəkildə aparıldığı, istintaqın gedişatı haqqında İran tərəfindən hələ də əsaslı açıqlama verilməyib. Terror aktı ilə bağlı laqeyd münasibət sərgiləyən rəsmi Tehranın bu mövqeyi cəmiyyətdə şübhələrin və iddiaların daha da artmasına səbəb olub. Hadisənin başvermə anını əks etdirən görüntülər cəmiyyətdə İranın bu faciədə maraqlı olduğu, Azərbaycan səfirliyinin təhlükəsizliyinin təminatına önəm vermədiyi haqqında fikir formalaşdırıb. 

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də iddialara haqq verdiyini gizlətməyib. Deputat xatırladıb ki, İran hakimiyyəti xeyli müddətdir, güclü, aqressiv anti-Azərbaycan siyasəti aparırdı: 

“Bu ölkənin rəsmiləri, generalları, deputatları, hətta vəzifəli hökumət üzvləri Azərbaycan əleyhinə bəyanat verirlər, ölkəmizi təhdid edirlər, suverenliyimizə böyük hikkə ilə yanaşırlar. Azərbaycan sərhədində İran xüsusi təyinatlılarının təlimlərinin keçirilməsi, fars uşaqlarının Azərbaycanın Xudafərin körpüsü yanında dövlətimizin əleyhinə mahnı oxuyub, bizi təhdid etməsi, İran hakimiyyəti tərəfindən İran cəmiyyətinin qızışdırılmasının nəticələri idi. Prinsip etibarı ilə belə bir terrorun olmasına, sanki hazırlıq aparılırdı. Hadisənin görüntülərindən aydın olur ki, terrorist Azərbaycan səfirliyinə asanlıqla hücum edə bilir. O, əlində avtomat polisi salamlayır, çəkiclə qapını sındırır və içəri girir. İçəridə qəhrəman mühafizəçimizin onunla vuruşması da görüntülərdə əks olunub. Qapıdakı İran polisinin laqeydliyi, səfirliyin təhlükəsizliyində maraqlı olmadığını, öz ölkəsinin də bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirmədiyini göstərir. 

İran dövlətinin vəzifəsi ərazisində olan diplomatik nümayəndəlikləri və onların heyətinin təhlükəsizliyini təmin etməkdir. Nə cür edəcək, hansı vasitələrə əl atacaq, bu, onun öz biləcəyi məsələdir. İran vəzifəsini yerinə yetirə bilmədi. Əgər səfirliyimizin işçisi Vasif Tağıyev terrorçunu zərərsizləşdirməsə idi, o, avtomatla digər otaqlara daxil olub, diplomatik korpusun üzvlərini kütləvi qətlə yetirə bilərdi. 

Hadisədən sonra terrorist tutulub və İranın aparıcı telekanalları ondan asanlıqla müsahibə götürürlər, sərsəm fikirlərini yayırlar, terrora başqa don geyindirməyə çalışırlar. Bütün bunlar göstərir ki, İran səfirliyimizin qorunmasında əvvəldən maraqlı olmayıb”.  

Aydın Mirzəzadə deyib ki, Azərbaycan rəhbərliyi düzgün qərar verərək, səfirliyimizin bağlanmasını və diplomatik korpusun ailə üzvləri ilə birlikdə təcili təxliyəsini həyata keçirdi. Bununla baş verə biləcək növbəti hadisələrin də qarşısı alındı: 

“İran polisinin tələsik terroru məişət hadisəsi kimi qələmə verməsi, İran rəhbərinin Azərbaycan prezidentinə hadisədən 3 gün sonra zəng etməsi, İranın Azərbaycandan üzr istəməməsi, diplomatik korpusun təhlükəsizliyinə indiyə qədər təminat verməməsi – bütün bunlar rəsmi Tehranın hansısa şəkildə hadisələrdə maraqlı olduğunu göstərir. Azərbaycanın suveren hüquqlarını tələb etməyə haqqı var və biz bunu həyata keçiririk. 

Azərbaycan İrana qarşı düşmənçilik bəsləmir. Biz sadəcə İran tərəfinin düzgün addımlar ataraq, münasibətlərin normallaşdırılmasına çalışmasını gözləyirik. İran üzr istəməli, Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinə təminat verməli, anti-Azərbaycan siyasətini dayandırmalıdır. Azərbaycana qarşı törədilmiş terror hadisəsindən sonra bütün dünya İranın ölkəmizə qarşı apardığı kampaniyanın ağır nəticələrinin şahidi oldu”. 

Aytac Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir