Altıncı çağırış Milli Məclisdə yeddi seçki dairəsinin təmsilçisi yoxdur. Həmin seçki dairələri üzrə təkrar seçkilər keçirilmədiyindən bu deputat yerləri boş qalır.
Bəs maraqlıdır, həmin dairələrdəki seçicilər hara müraciət edirlər?
Məsələnin hüquqi izahına gəlincə, qeyd etdiyimiz şəraitdə seçicilərin iradəsinin parlamentdə hansı şəkildə təmsil ediləcəyi haqqında müddəa qanunvericilikdə yer almayıb.
Bu barədə Oxu.Az-a danışan hüquqşünas Əliməmməd Nuriyev də faktı təsdiqləyib. O qeyd edib ki, yeddi seçki dairəsinin təmsilçilərinin yerlərinin boş qalmasına baxmayaraq, bu, Milli Məclisin fəaliyyətinə təsir etmir:
“Hər bir seçki dairəsində orta hesabla 35-40 min seçici var və onlar yalnız bir deputatla parlamentdə təmsil olunurlar. Yeddi dairənin deputatının olmaması o deməkdir ki, 300 minə yaxın seçicinin iradəsi Milli Məclisdə təmsil edilmir. Qanunvericiliyə görə, nəticələri ləğv edilən seçki dairələrində bir ay müddətində təkrar seçki keçirilməli idi. Dörd seçki dairəsinin nəticələri ləğv edilmişdi. Digər üç dairədə isə əlavə seçki olmalı idi. Qanun hansı halda seçkilərin keçirilə bilmədiyini də izah edir. Beləliklə, Konstitusiyaya əsasən, həmin dairələrdə seçki keçirilməlidir. Amma indiki halda seçicilərin müraciətlərini hara təqdim etməli olduqları haqqında qanunvericilikdə müddəa yoxdur.
Bu durum Milli Məclisin fəaliyyətinə ciddi təsir etmir. Çünki qanun bunu tənzimləyir. Əgər 83 deputatın mandatı təsdiq edilibsə, Milli Məclis fəaliyyət göstərə bilər. Hazırda parlamentdə 118 deputat seçiciləri təmsil edir”.
Təmsilçisi olmayan seçki dairələrindən biri də 74 saylı Lənkəran kənd seçki dairəsidir. 73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev kəndlərdə yaşayan seçicilərin də ona müraciət etdiklərini söyləyib. Deputat Oxu.Az-a açıqlamasında qeyd edib ki, qonşu dairənin deputatının olmaması müraciətlərin artmasına səbəb olub:
“Azərbaycanda deputatların seçki dairələri üzrə bölünməsi o demək deyil ki, hər bir deputat ancaq öz seçiciləri ilə işləməlidir. İstənilən rayondan, bölgədən, hətta xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarından müraciətlər daxil olursa, millət vəkili dərhal reaksiya verməlidir. Deputat vətəndaşların suallarını cavablandırır, problemlərini aidiyyəti qurumlara çatdırır. Mən özüm məhz bu formatda işləyirəm.
74 saylı Lənkəran kənd seçki dairəsinin parlamentdə təmsilçisi olmadığına görə oradan bizə edilən müraciətlərin sayı da kifayət qədər artıb. Biz fəaliyyətimizlə bağlı 2022-ci ilin arayışına nəzər saldıqda da bunu görürük. Lənkəranın kəndlərindən kifayət qədər çox müraciətlər almışıq. İş yükünün artmasına baxmayaraq, bütün müraciətləri vaxtında cavablandırmağa, sakinlərin problemlərini aidiyyəti qurumlara çatdırmağa və həllinə çalışırıq. Mütəmadi şəkildə məmurlarla əlaqə saxlayır, yerli strukturlarla işləyirik.
2022-ci ildə mənə edilən bütün müraciətlər – həm öz, həm də qonşu seçki dairəsindən ünvanlanan məktublar – cavablandırılıb. 90 faizə qədər seçici müraciəti müsbət şəkildə həllini tapıb, qalanları isə nəzarətə götürülüb. Mənə elə gəlir ki, deputatların necə işlədikləri, öhdəliklərini necə yerinə yetirdikləri haqqında sorğular keçirilsə, seçicilərin fikirləri öyrənilsə, düzgün olar”.
Xatırladaq ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkisindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) dörd seçki dairəsinin – 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələrini ləğv edib.
2020-ci il avqustun 4-də Fəttah Heydərov vəfat etdiyinə görə 116 saylı Qəbələ seçki dairəsinin də parlamentdə təmsilçisi yoxdur.
VI çağırış Milli Məclisdə 55 saylı Xaçmaz seçki dairəsini təmsil edən Eldəniz Səlimov 2021-ci il iyulun 29-da polis əməkdaşına zor tətbiq etdiyinə görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi başlanılıb. Bu iş üzrə təqsirli bilinərək, məhkəmə hökmü ilə üç il altı ay azadlıqdan məhrum edilən Eldəniz Səlimovun deputat mandatına da xitam verilib.
50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə isə 3 mart 2022-ci il tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri vəzifəsinə təyin olunub. Bu səbəblə Mərkəzi Seçki Komissiyasına deputat fəaliyyətinə xitam verilməsi üçün müraciət edən Ş.Seyidzadənin mandatına MSK-nın qərarı ilə xitam verilib.
Aytac Qasımova