• Ç. Noy 27th, 2024

Avstraliya ictimaiyyətinə Ermənistanın yalanlarına inanmamaq çağırışı ünvanlanıb

ByYenigun.news

Fev 4, 2023

Azərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə bildirilib ki, təcavüzkar imicə malik olan Ermənistan və erməni separatçıları bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışır, hətta idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmir:

“Australian Open-2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. “Bu, yolverilməzdir!”

Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi, Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət”in mövcud olmadığı, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və havadarlarına arxalanan Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından azad etdiyi nəzərə çatdırılıb.

“Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək, Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Belə ki, müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”.

Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq “Australian Open-2023”nın rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya sərt etirazlarını bildiriblər.    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir