Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Hatayda gecə saatlarından bəri fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Oxu.Az-ın məlumatına görə, xilasedicilərimizdən biri bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşıb.
“Azərbaycandan gəldim, hazırda Hataydayam. Gecədən bəri buradayıq”, – deyə FHN əməkdaşı bildirib.
O, artıq bir nəfəri sağ çıxara bildiklərini vurğulayıb.
“Əlimizdən gələni edirik, çalışacağıq qalanlarını da xilas edək”, – deyə axtarış-xilasetmə qrupunun üzvü bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yollanıb.