• Ca. Noy 28th, 2024

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola salındı – FOTO/VİDEO

ByYenigun.news

Fev 7, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə FHN məlumat yayıb. 

Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün üç ədəd konteyner yola salınıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, bu gün səhər saatlarında Türkiyəyə daha bir təyyarə yola salınıb. FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Yola salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibbi heyətdir. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə orada qərar veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir