• Şb. Noy 30th, 2024

Xalqımız Türkiyənin ağrısını ürəyində hiss edir

ByVuqar Ferzeliyev

Fev 13, 2023

      Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da çox böyük kədərlə qarşılandı. Qardaş ölkənin səsinə ilk səs verən məhz ölkəmiz oldu.

      Prezident İlham Əliyevin göstərişlərinə əsasən Azərbaycan xalqı qardaş Türkiyəyə dəstək olmaq üçün kütləvi olaraq könüllü yardım kampaniyasına qoşulmuşdur. Hadisə yerinə ilk gələn və axtarış-xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstərirlər.

      Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s.  vardır. 

      Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.

      Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb. Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyə Respublikasına   yola salınmışdır

Rəhimə Xamiyeva,

Cəlilabad rayon Günəşli kənd 2 nömrəli tam orta məktəbin direktor müavini 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir