“Ermənilər Xocalıda meşədə bizə Azərbaycan dilində: “Ay xocalılar, biz ağdamlılarıq, sizi gözləyirik, gəlin bizə tərəf”, – dedilər. Biz də onlara tərəf irəlilədik və 50 metr qalmış aldandığımızı görüb, geri qayıtmaq istədikdə bizi atəşə tutdular”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Xocalı faciəsinin şahidi, əməkdar həkim Məmməd Nağıyev bildirib.
Onunla müsahibəni təqdim edirik.
Qısa arayış:
Nağıyev Məmməd Ağalar oğlu 1953-cü ildə Xocalıda anadan olub. 1971-1977-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 1978-ci ildə təyinatla Xankəndi şəhərinə göndərilib. 1989-cu ildən ermənilər yaşayan Ballıca, Xanəzək kəndlərinin əhatəsində olan Cəmilli kənd ambulatoriyasının baş həkimi vəzifəsində işləyib.
– Xocalı xatirələrinizdə necə qalıb? Oranı necə xatırlayırsınız?
– Xocalı gözəl təbiətə malik idi. Eyni zamanda, ora strateji əhəmiyyətə malik yerdir. O vaxt tək hava limanı Xocalıda idi. Həmin hava liman Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşirdi. Eyni zamanda, Xankəndiyə gedən dəmiryol da oradan keçirdi. Bizim rayonumuzda inkişaf gedirdi. Fabriklər, iaşə müəssisələri yaranmış, əhalinin sayı artıb iki mindən yeddi minə çatmışdı.
Ona görə də Xocalı rayonu ermənilərə gözlərinin götürmədiyi bir dağ idi. 1988-ci ildən başlayaraq təxribatlar edildi. Xocalı soyqırımını etməkdə əhalini son nəfərinə kimi öldürmək niyyətləri var idi. Təəssüf ki, qismən buna nail oldular.
– Qanlı Xocalı günündən danışmağınızı istərdik.
– Fevralın 25-i gecə saatlarında hər tərəfdən Xocalı atəşə tutuldu. Onlar ilk olaraq axıska türklərinin yaşadıqları evləri yandırmağa başladılar. Bizim yerli özünümüdafiə taborunun döyüşçüləri, polis əməkdaşları və Aqil Quliyevin (Ölümündən sonra Milli Qəhrəman adı alıb – red.) dəstəsi həmişə Xocalını müdafiə etmişdi. Mən həkim olduğum üçün yaralanmış Aqili və Cabbarı xərəyə yerləşdirdim.
Boranlı, qarlı havada xilas olmağa çalışan zaman Qarqar çayından keçib Kətik meşəsinə doğru irəliləməyə başladıq. Biz 150 nəfər olardıq. Həmin havada o çayı keçmək də müsibət idi. Neçə adamın soyuqdan əlləri, ayaqları dondu. Hazırda həmin şəxslərin əksəriyyətinin sağlamlıq imkanları məhduddur. Biz iki gün meşədə qaldıq və ermənilər aldadıb, atəşə tutdular. Dərhal özümüzü yaxındakı dərəyə atdıq. Ermənilər insanların çığırtısına, bağırtısına əhəmiyyət vermirdilər.
Təxminən səkkiz-on dəqiqəlik atışma oldu. Bizdə yaralı çox idi. Sürünə-sürünə gedib, 10 yaşlı uşağın yarasını sarımaq istəyəndə ermənilər atəş açdılar və güllə papağıma dəydi. Mən uşağa çatıb yarasını sarıdım, anası ilə birlikdə onu götürüb dərəyə getdik.
Gördük ki, artıq müqavimət göstərmək mümkün deyil və ağ bayraq qaldırıb mənfur düşmənə təslim olduq. O dəhşətli anları son gün kimi yaşayırdıq. Bu faciə bir an olsa belə, ağlımdan çıxmır.
– Ermənilər sizi hara apardılar?
– Onlar bizi Dəryaz kəndində ermənilərin mərasim evinin keçirdikləri yerə gətirdilər. Hamının üstünü yoxlayıb nə varsa, götürdülər. Qadınların üstündən qızıl-zinət əşyalarını soydular. Kimin ağzında neçə qızıl dişi vardısa, kəlbətinlə çıxarırdılar. Neçə nəfər ağrıdan şoka düşmüşdü. Bizimlə birlikdə hamilə qadın var idi.
Onun qarnını bıçaqla yardılar və körpəsi ilə birlikdə qətlə yetirdilər. Digər unutmadığım bir vəhşilik isə Özbəkistandan gəlmiş axıska türkü olan, 22 yaşlı Əhməd adlı oğlanın başını kəsib futbol topu kimi oynadaraq, zövq almaları oldu. Bir neçə saat sonra xəbər gəldi ki, ermənilərdən bir nəfər bizimkilər tərəfindən meşədə vurulub.
– Sizinlə birlikdə hərbçilər də əsrlikdə idilər?
– Var idi. Biz pərişan və çarəsiz halda doldurduqları yerdə gözləyirdik. Bir neçə saat sonra xəbər gəldi ki, bizim hərbçilərimizdən biri meşədə erməni öldürüb. Onlar içəri daxil olub 13 nəfər hərbi paltarda olan adamı çölə çıxardılar və avtomat səsləri gəlməyə başladı. Daha sonra əraziyə “KamAz” markalı yük maşını gəldi, bir müddət sonra getdi. Biz bilmədik ki, həmin 13 nəfəri öldürdülər, yoxsa diri apardılar…
– Neçə gün orada əsirlikdə qaldınız?
– Üç gün. Ermənilər mənim həkim olduğumu bildilər və çölə çıxardılar. Onlar çöldə mənimlə də vəhşicəsinə davranırdılar, kimdəsə silah varsa, öyrənib onlara deməyimi bildirdilər. Bunun üçün 20 dəqiqə vaxt verdilər. Əgər deməsən, başımı kəsəcəkdilər. Vaxt tamam oldu və mən silahın kimdə olduğun bilmədiyimi söylədim.
Halbuki kimdə silah olduğunu bilirdim. Onlar avtomatın qundağı ilə sinəmdən vurub məni yıxdılar, bıçağı çıxarıb boğazıma söykədilər və elə bu zaman yaxınlıqda maşın dayandı. İki mülki şəxs düşən kimi ermənilər məni buraxdılar. Sonradan bildim ki, onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) işçiləri imiş.
– Necə xilas oldunuz?
– Çətin, dəhşətli günlərdən sonra, fevral ayının 29-da erməni əsirlər ilə bizi dəyişib xilas etdilər. Əsirlikdən azad olunduqdan sonra Naftalan rayonunda məskunlaşdıq. Daha sonra Xocalı taboru yenidən bərpa edildi. Mən 1992-95-ci ilin dekabr ayına kimi ön cəbhədə hərbi həkim kimi xidmət göstərmişəm.
Qeyd edək ki, həkim bu fəaliyyətinə görə Əməkdar həkim fəxri adına layiq görülüb. Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan bayrağı ordeni ilə təltif edilib. 2018-ci ilə kimi Xocalı rayonunun Mərkəzi Xəstəxanasının baş həkimi işləyib və hazırda təqaüddədir.
İlhamə Əbülfət