Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Ağdam rayonunda yerləşən bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yoxlanılması üçün mediatur təşkil edilib.
“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.
Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.
Media nümayəndələrinə bildirilib ki, 44 günlük Vətən müharibəsindən cəmi 3 ilə yaxın keçməsinə baxmayaraq, xidmət edilən ərazilərdə hərbçilərin normal xidmət etməsi üçün lazım olan bütün şərait yaradılıb və bu işlər planlı şəkildə davam edir.
Belə ki, hərbi hissənin yerləşmə məntəqəsində əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları, həyətdə qazanxana və generator yaradılıb.
Yerləşmə məntəqəsi lazımi inventar və avadanlıqlarla, mebel, yataq ilə təchiz edilib. Burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparmaları üçün hər cür şərait var.
Bildirilib ki, yüksək dağ rayonlarının ərazisində yerləşən hərbi hissələrin – əməliyyat (Komando) bölmələrinin ərzaq təminatı “Ümumqoşun ərzaq payı” normasından “Xüsusi təyinatlı qüvvələrin ərzaq payı” normalarına keçirilib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Allahşükür Şahbazov da hazırda Ağdam rayonunun “N” saylı hərbi hissəsində xidmət edir. O, Ağdamda şəxsi heyətə yüksək səviyyədə şərait yaradıldığını vurğulayıb:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və sərkərdəlik qabiliyyəti nəticəsində üç il bundan öncə Azərbaycan Ordusu Ağdam şəhərinə daxil oldu. Mən 10 ildən artıqdır ki, döyüş postunda xidmət edirəm. Bölmə komandiri olaraq torpaqlarımızı yağılardan qorumaqdan böyük sevinc ola bilməz. Ağdamın azadlığından sonra Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətimiz üçün yeni modul tipli yataqxanalar tikildi. Bununla da şəxsi heyətimizin mənəvi-psixoloji vəziyyəti və məişət şəraiti yaxşılaşdırıldı. Ordumuzun şəxsi heyəti Aprel döyüşləri, Tovuz hadisələri, Vətən müharibəsi, “Qisas” əməliyyatı, həmçinin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli cavab tədbirlərində əldə təcrübələrdən, eləcə də müasir döyüş üsul və vasitələrindən istifadə edərək peşəkarlığını daha da təkmilləşdirib”.
Azərbaycan ordusunun əsgəri Rüstəm Rüstəmov Ağdamda xidmət edən hərbi qulluqçularımızdan biridir. O, xidməti ilə fəxr etdiyini deyib:
“Artıq 8 aydır ki, Ağdamda xidmət edirəm. İşğaldan azad olunmuş torpaqda xidmət etmək mənimçün xüsusi əhəmiyyət kəsb edir. Bizim üçün lazım olan bütün şəraitlər yaradılıb. Qalib ordunun qalib əsgəri olmaqdan qürur duyuram. Ölkə rəhbərliyin hər dəqiqə orduya göstərdiyi diqqət, qayğı nəticəsində təminatımız yüksək səviyyədə təmin edilib. Hava şəraitinin soyuq olması xidmətə heç bir təsir etmir. Şəxsi heyət də bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazırdır”.
Hərbi hissənin yerləşmə məntəqəsində olarkən əsgərlərdən birinin – Əli Novruzovun doğum günü qeyd edilirdi. Əli uşaq evində böyüyüb və onun birgə doğum gününü qeyd etmək hər birimiz üçün olduqca maraqlı oldu. Əsgərə doğum günü və nümunəvi xidməti münasibətilə müdafiə nazirinin hədiyyəsi təqdim edildi. Əlinin timsalında əsgərlərimiz üçün qurban kəsildi və xüsusi tort kəsilmə mərasimi də baş tutdu:
“Bu gün 19 yaşım tamam olur. 6 yaşımdan 3 saylı Uşaq evində böyümüşəm. 11 ayın əsgəriyəm. Ağdamda xidmət etdiyimə görə fəxr edirəm. Sözün düzü, mənim üçün sürpriz oldu. Heç vaxt bu cür ad günüm qeyd edilməmişdi. Tamamilə fərqli bir hisslər yaşadım. Zəhməti keçən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm”.
Daha sonra jurnalistlər hərbçilərimizin döyüş məşğələləri ilə tanış olub. Əsgərlər rabitə hazırlığı, mühəndis-istehkam hazırlığı, atəş hazırlığı və artilleriya üzrə təlim nöqtələrində peşəkarlıq səviyyəsini, döyüşə hazırolma vərdişlərini təkmilləşdirirdilər.