“İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyü ilə fəxr hissi keçirir. Azərbaycan həmişə fəal iştirakçı olmaqla qurumun fəaliyyətinə böyük töhfə verir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.
Həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini vurğulayan qonaq əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Məhəmməd Süleyman Əl-Casir bildirib ki, İslam İnkişaf Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində perspektiv layihələrə də maraq göstərir. Onun sözlərinə görə, gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsi mümkündür. Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən “Elektron hökumət” sahəsində əldə etdiyi uğurlu təcrübə bank tərəfindən digər ölkələrdə də tətbiq oluna bilər.