• Ça. Noy 26th, 2024

Sülh adı ilə gəlib atəşi tətikləyənlər – FOTO

ByYenigun.news

Fev 26, 2023

Avropa İttifaqının Ermənistandakı missiyası fəaliyyətə başlayandan dərhal sonra ermənilərin cəsarətlənməsi, atəşkəsi pozmaları yeni təxribatların başlanğıcı kimi qiymətləndirilə bilər. Belə görünür ki, bu missiyanın əsas məqsədi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət etməkdir. İrəvanı da cəsarətləndirən avropalı müşahidəçilərin bu mövqeyidir.

Bir neçə gün əvvəl ermənilər həm sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə atəşkəsi növbəti dəfə pozublar. Maraqlıdır ki, bundan 1 gün əvvəl Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Avropa İttifaqının missiyası işə başlayıb. Paradoksal durum yaranıb. Bölgəyə guya sülhün təminatı üçün gələnlər atəşi tətikləyiblər. Ermənistan yəqin ki, məhz onlara arxalanaraq növbəti dəfə atəşkəsi pozmağa cəsarətlənib. Bəs onların bu addımları nəyə hesablanıb və bundan sonra regionda nələr baş verə bilər?  

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

“Növbəti missiyanın göndərilməsi xoşagəlməz bir haldır”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Avropa İttifaqının Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi Praqa görüşündə gündəmə gəlmişdi: “O zaman Prezident İlham Əliyev ölkəmizin ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz  etməmişdi. Lakin sonrakı mərhələdə Fransanın qeyri-adekvat davranışları missiya ilə bağlı çərçivələri pozmağa başladı, daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və Azərbaycanın razılığını almadan Ermənistana iki illik missiya göndərmək qərara alındı. Cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, “Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq”. Azərbaycan Prezidentinin proqnozlarının özünün doğrultması üçün uzun müddət gözləmək lazım olmadı”.

Qınına çəkilmiş erməni silahlıları cəsarətlənib

Deputat vurğuladı ki, atəşkəsin pozulması statistikasına baxsaq, bu, uzun müddətdən sonra ilk haldır və təsadüfi sayıla bilməz: “Aydındır ki, uzun müddət qınına çəkilmiş erməni silahlılarını Aİ missiyasının gəlişi cəsarətləndirib. Fransanın timsalında davranışlar fonunda artıq sirr deyil ki, mümkün sərhəd qarşıdurmasında Avropa İttifaqı qərəzli davranacaq. Əgər Avropa İttifaqı qərəzsiz davransaydı, ötən ilin oktyabrından başlanan missiyanın hesabatlarında Ermənistan tərəfindən dəfələrlə pozulan atəşkəslə bağlı hər hansı məlumat olardı. Amma yoxdur, çünki bu heyətin əsas məqsədi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət etməkdir. İrəvanı da cəsarətləndirən məhz avropalı müşahidəçilərin bu mövqeyidir. Ermənilər əmindir ki, missiyanın “təhlükəsizlik çətiri” onları qoruyacaq”.

“Azərbaycana 44 yox, 3-4 gün kifayət edəcək”

B.Məhərrəmov qeyd etdi ki, ermənilərin əslində bu cür düşünməyə haqqı var, çünki missiyanın müşahidəçidən daha çox təxribatçı xarakteri hər ötən gün daha da aydın görünməyə başlayır: “Bilirsiniz ki, yanvarın ortalarında Ermənistana iki illik missiya göndərmək qərarı verilərkən məqsədin Praqada müəyyən edildiyi kimi mülki və humanitar xarakter daşıdığı bəyan olunurdu. Amma Avropa İttifaqının yaydığı son açıqlamada bildirilir ki, missiyada iştirak edən 100 nəfərdən 50 nəfəri “silahsız müşahidəçidir”. Yəni ən azı rəsmi açıqlandığı kimi tam yarısı silahlı şəxsi heyət olan missiyanı “mülki” adlandırmaq göründüyü qədəri ilə mümkün deyil. Maraqlıdır ki, Aİ-nin regiona silahlı missiya göndərməsi təşkilatla Ermənistan arasında sirr kimi saxlanılıb, hətta erməni ictimaiyyəti belə ölkə ərazisinə üçüncü bir gücün silahlı qüvvələrinin yerləşdirilməsindən xəbərdar olmayıb. Əlbəttə, cənab Prezidentin dediyi kimi, “bu, çox məyusedici bir məqamdır”. Lakin Azərbaycan Vətən müharibəsində və sonrakı dönəm ərzində ən azı 3 dəfə nümayiş etdirib ki, bizim üçün Ermənistanı kimin dəstəkləməsinin, erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Yaranacaq istənilən təhlükə, təhdid dərhal aradan qaldırılacaq. Prezident İlham Əliyevin ardıcıl məqsədyönlü səyləri ilə Azərbaycan Ordusunun gücü də, imkanları da Vətən müharibəsindən sonra qat-qat artıb. Azərbaycanın özünün siyasi imkanları da bütün dünyada, o cümlədən Avropada köklü şəkildə genişlənib. Yəni belə olan halda hər hansı təhdidi köklü surətdə aradan qaldırmaq üçün Azərbaycana daha 44 yox, 3-4 gün kifayət edəcək”.

“Onların məqsədi təxribat törətdikdən sonra…”

Politoloq Tofiq Zülfüqarov da bildirdi ki, ermənilərin təxribat törətməsi onların adətidir: “Çünki biz bilirik ki, onların məqsədi təxribat törətdikdən sonra təbliğat imkanlarından istifadə edərək məsələni təhrif etməkdir”.

T.Zülfüqarov qeyd etdi ki, ermənilər Ukrayna müharibəsi nəticəsində Rusiyanın imkanlarının qat-qat azalacağını başa düşürlər: “Ona görə də istəyirlər ki, Rusiyanı hansısa sanballı bir güclə əvəz etsinlər. Bu baxımdan təxribat törədirlər ki, Azərbaycan onlara hücumlar edir görüntüsü yaratsınlar və təhlükəsizliklərini qorumaq üçün missiya tələb etsinlər. Yeni missiya Birləşmiş Millətlər Təşkilatının mandatına malik olsun. Bu missiya daxilində müxtəlif ölkələrin nümayəndələri təmsil edilsin. Ən əsası, başları üzərində BMT-nin bayrağı dalğalansın. Ermənilər bu məsələni BMT-nin gündəmində saxlamaq üçün Fransadan istifadə edirlər. Biz artıq Laçın yolu ilə əlaqədar bunu görmüşük. İstisna etmirəm ki, təxribatlardan sonra bu missiyanın BMT-də müzakirəsini gündəmə gətirməyə çalışacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir