• Be. Noy 25th, 2024

Qərbi Azərbaycan İcması AŞPA-nı monitorinqə başlamağa çağırır

ByYenigun.news

Mar 3, 2023

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırıb.

Bu barədə İcmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması və onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi üzrə monitorinq prosedurunun predmeti olmalıdır.

Bütün bunları nəzərə alaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə AŞPA Komitəsinin (Monitorinq Komitəsi) Ermənistan üzrə həmməruzəçiləri Kimmo Kilyunenə və Boriana Eberqə məktub göndərərək, onları Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtma hüququnun təmin edilməsi sahəsində Ermənistanın öhdəliyini yerinə yetirməsi üzrə monitorinq proseduruna başlamağa çağırıb.

Monitorinq proseduru çərçivəsində bu məsələyə spesifik şəkildə baxmaq Monitorinq Komitəsinin bir vəzifəsi olmaqla yanaşı, insan hüquqlarının universal və effektiv şəkildə tanınması və onlara riayət olunmasına, eləcə də davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasına böyük töhfə olardı.

Qeyd olunub ki, İcma bu mövzuda AŞPA Monitorinq Komitəsi ilə dialoqa hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir