“Naxçıvanı Azərbaycanın digər hissəsi ilə birləşdirən Zəngəzur dəhlizinin açılması çox vacibdir”.
Bunu “Report”a açıqlamasında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlər qrupu ilə bu gün Ağdamda səfərdə olan İspaniyanın EFE agentliyinin müxbiri İqnasio Orteqa deyib.
“Zəngəzur dəhlizinin həyata keçirilməsi məntiqlidir. Əminəm ki, Ermənistan tərəfi gələcəkdə bunu dərk edəcək”, – jurnalist bildirib.
“Mən dəfələrlə Ermənistanla Azərbaycan arasındakı gərgin münasibətlərdən yazmışam. Qarabağda bütün dağıntıları görmək mənim üçün çox ağrılıdır”, – İ.Orteqa vurğulayıb.
O əlavə edib ki, infrastruktura, daha sonra isə evlərin bərpasına sərmayə qoyulması xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından üç il keçir:
“Bu müharibə qısamüddətli olsa da, təəssüf ki, qanlı idi. Ümid edirəm ki, ölkələr arasında sülh bərqərar olacaq. Bütün Qafqaz xalqlarına sülh arzulayıram”.