Martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər edən Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Uqanda arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və digər ikitərəfli münasibətlərin perspektivləri, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycanın Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla vurğulanıb. Azərbaycanın QH-ya sədrlik təcrübəsinin hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub. Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsinin mövcud münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı C.Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, mövcud mina təhdidləri, həmçinin azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.